Bakı. Cavid Zeynallı - APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qubada Rusiya nümayəndə heyətini qəbul edib.
Nazirlikdən APA-ya verilən məlumata görə, Rusiya Federasiyası Dağıstan Muxtar Respublikasının mədəniyyət naziri Zarema Butayeva və Moskva Dövlət Mədəniyyət İnstitutunun rektoru Tatyana Kuznetsovanın rəhbərliyi altında Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə keçirilən görüşdə Dağıstanla müxtəlif mədəni əlaqələrin inkişaf etdirilməsi, mədəniyyət və turizm sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi, yeni layihələr və incəsənət tədbirlərinin keçirilməsi məsələləri müzakirə edilib.
Görüşdə mayın 18-19-da Bakıda keçiriləcək 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Rusiyanın nümayəndə heyətinin iştirakı, forum çərçivəsində müxtəlif simpoziumların keçirilməsi, mədəniyyət sahəsində təcrübə mübadiləsinin aparılması barədə müzakirələr aparılıb.
Nazirlikdən bildiriblər ki, turistlərin regiona cəlb olunması, birgə turizm marşrutlarının yaradılması məsələləri də görüş zamanı nəzərdən keçirilib.