Bank Of Baku

Əbülfəs Qarayev ABŞ səfiri ilə görüşüb

Əbülfəs Qarayev ABŞ səfiri ilə görüşüb
# 12 fevral 2016 16:20 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekutanı qəbul edib.

 

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə ABŞ-la Azərbaycan arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlər müzakirə edilib.

 

Azərbaycanın mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişafında maraqlı olduğu bildirilərək, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi imkanları barəsində fikir mübadiləsi aparılıb. Səfir R. Sekuta Azərbaycanda Amerika Günlərinin keçirilməsi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən səfirliyə dəstək göstəriləcəyinə ümidvar olduğunu bildirib.

 

Görüş zamanı muzey, mədəni irs və kitabxana sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikirlər səsləndirilib.

 

Nazir Ə. Qarayev isə turizm sahəsində əməkdaşlığın vacib olduğunu bildirib. O, həmçinin Ümumdünya Turizm Təşkilatı tərəfindən “Münaqişə zonalarının turizm məkanı kimi və turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması” adlı qətnamə qəbul edildikdən sonra Ermənistanın turizm stendlərində Qarabağla bağlı təbliğatın qarşısının alındığını qeyd edib və bu məsələdə ABŞ səfirliyi tərəfindən müvafiq köməklik göstəriləcəyinə inamını ifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR