Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Böyük Britaniyanın Viktoriya və Albert Muzeyinin direktoru, professor Martin Rot ilə görüşüb. Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Azərbaycanda muzey işinin təşkili, bu sahənin yenidən qurulması istiqamətində görülən işlər və yeni inşa edilən muzeylər barədə məlumat verən nazir qarşılıqlı əlaqələrin əhəmiyyətini vurğulayıb. Əlaqələrin təkcə sərgilər vasitəsi ilə deyil, eyni zamanda muzey texnologiyalarının yenilənməsi, təcrübə mübadiləsi və ümumilikdə muzey işinin inkişafı istiqamətində layihələrlə həyata keçirilməsinin vacibliyi qeyd olunub.
Qonağın artıq ikinci dəfə ölkəmizə gəldiyini deyən Ə. Qarayev bu səfəri Viktoriya və Albert Muzeyi ilə Azərbaycan muzeylərinin əməkdaşlıq əlaqələrinin qurulmasında mühüm mərhələ kimi dəyərləndirib, Azərbaycanın iştirak etdiyi beynəlxalq sərgilərdən, o cümlədən "YARAT" Müasir İncəsənət Mərkəzinin həyata keçirdiyi tədbirlərdən danışıb.
Martin Rot Londonda Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin "Qırmızı kitab"ının 50 illik yubileyinə həsr edilmiş "Bu gün burada" adlı sərgi zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən Bakıya dəvət olunduğunu diqqətə çatdırıb, qəbula görə nazirə təşəkkürünü bildirib.
M. Rot qeyd edib ki, Azərbaycana ikinci səfərinin daha məhsuldar olacağından əmindir və keçirəcəyi görüşlər zamanı qarşılıqlı əməkdaşlıq, mübadilə ilə bağlı yeni razılaşmalar əldə edəcəyinə ümidvardır.