Bakı. Könül Kamilqızı – APA. Təhsil naziri Mikayıl Cabbarov IV Respublika muğam müsabiqəsinin keçirilməsi barədə əmr imzalayıb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, əmrə əsasən, IV Respublika muğam müsabiqəsi bu ilin fevral ayında Bakı şəhərində keçiriləcək.
Əmrə görə, müsabiqənin əsasnaməsi, təşkilat komitəsinin, münsiflər heyətinin tərkibləri və müsabiqənin xərclər smetası təsdiq olunması, qaliblərin seçilməsinin Azərbaycan Milli Konservatoriyasına və Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinə həvalə edilməsi tapşırılıb.
İqtisadiyyat şöbəsi təsdiq edilmiş xərclər smetasına uyğun olaraq 2015-ci ilin dövlət büdcəsinin xərclərinin “Təhsil” bölməsində nəzərdə tutulmuş vəsaitdən müvafiq məbləğdə vəsaitin Azərbaycan Milli Konservatoriyasına ayrılmasını, Azərbaycan Milli Konservatoriyası isə ayrılmış vəsaitin təsdiq olunmuş xərclər smetasına uyğun olaraq təyinatı üzrə məqsədyönlü şəkildə xərclənməsini və bu barədə hesabatın nazirliyə təqdim olunmasını təmin etməlidir.
Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.