Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın məşqlərinə start verilib. Teatrın mətbuat xidmətindən APA-ya verilən əmlumata görə, uzun illər teatrın repertuarında olan “Dovşanın ad günü” tamaşası əsaslı bərpa olunaraq yenidən repertuara daxil ediləcək.
Xanımana Əlibəylinin eyniadlı əsəri əsasında hazırlanacaq tamaşanın quruluşçu rejissoru xalq artisti Ağaxan Salmanlı, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, oranjemançısı Vasif Hüseynlidir.
Tamaşada xalq artisti Şəfiqə Axundovanın bəstələrindən istifadə olunacaq.
Səhnə əsərində əsas rolları aktyorlar İradə Rəşidova, Roza İbadova, Sevinc Mehrəliyeva, Zümrüd Quliyeva, Təhminə Məmmədova, Zülfiyyə Alhüseynova, Mehriban Hüseynova, Nuriyyə Əliyeva, Eyvaz İbrahimov, Ramil Məmmədov, Ceyhun Məmmədov, Xaliq Bəkirov, Elnur Hüseynov, Elnur Əliyev, Vüsal Mehrəliyev, Yusif Dadaşov ifa edəcəklər.
Yazıçı Xanımana Əlibəylinin anadan olmasının 95 illiyə həsr olunmuş tamaşa məktəblilərin qış tətili ərəfəsində nümayiş olunacaq.