Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti teatr və kino aktrisası, xalq artisti Firəngiz Şərifovanın anadan olmasının 92-ci ildönümü münasibətilə Fəxri xiyabanda olub. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, teatrın direktoru, əməkdar artist Mübariz Həmidov çıxış edərək F. Şərifovanın ifa etdiyi obrazlar, geniş yaradıcılıq potensialı, hər obraza xüsusi yanaşma tərzi, canlandırdığı obrazı özününküləşdirmək bacarığından danışıb.
F. Şərifova 6 fevral 1924-cü ildə Azərbaycan teatr sənətinin korifey sənətkarları Abbasmirzə Şərifzadə və Mərziyə Davudovanın ailəsində doğulub.
Dramaturq Cəfər Cabbarlının təkidi və atası Abbasmirzənin razılığı ilə səhnədə səkkiz yaşında “Oqtay Eloğlu”nda Sevər və “Sevil” də Gündüz rollarında çıxış edib. 1947-ci ilin əvvəllərində Cəlil Məmmədquluzadə adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul olunub, lakin iki il sonra teatr məcburi özünümaliyyələşdirmə iş üsuluna keçirildiyinə görə müvəqqəti olaraq bağlanıb. Firəngiz xanım Xalq Maarif komissarlığı İncəsənət İşləri İdarəsinin sərəncamına əsasən köçürmə yolu ilə Gənc Tamaşaçılar Teatrının truppasında aktyor işləməyə başlayıb və tezliklə teatrın aparıcı aktrisalarından biri olub.
Aktrisa 1965-ci ildə yenidən Gənc Tamaşaçılar Teatrına qayıdaraq 2011-ci ilin sentyabr ayının birinə - öz xahişi ilə işdən azad edildiyi tarixə qədər Dövlət Gənc Tamaşaçılar Teatrında çalışıb.
F. Şərifova uzun sürən xəstəlikdən sonra 2014-cü ilin fevralın 20-də vəfat edib.