Bakı - APA. Bu gün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “Şirvanşahlar Sarayı Kompleksi” tərəfindən Kiçik Karvansaray “Art Garden”da 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr edilmiş “Vətənim mənim” adlı tədbir keçirilib.
İdarədən APA-ya verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanda, eləcə də dünyanın müxtəlif yerlərində məskunlaşmış həmvətənlərimiz arasında ünsiyyət yaratmaq, həmrəy olmaq, Vətənimizin sevinc və kədərinə şərik olmağın vacibliyini vurğulamaqdan ibarətdir.
Tədbiri giriş sözü ilə “Şirvanşahlar Sarayı Kompleksi”nin direktor müavini Təranə Balayeva açıb,qonaqlar tərəfindən həmrəylik gününün önəmini vurğulayan mövzularla çıxışlar edilib.
Bədii hissədə Ə.Ə.Rzaquliyevin “Köhnə Bakı” adlı sərgisi və ədəbi-bədii kompozisiya nümayiş olunub. Daha sonra “Xəzər” və Mədəniyyət və İncəsənət Universitetinin tələbələri müxtəlif milli rəqs nümunələri ilə çıxış ediblər. Tədbirin sonunda qonaqlar və tədbir iştirakçıları üçün “İçərişəhər” və “Şirvanşahlar Saray Kompleksi”nə ekskursiyalar təşkil olunub.