Bakı. Ramiz Mikayıloğlu - APA. “İranda Azərbaycan Film Həftəsi, Azərbaycanda İran Filmləri Həftəsi keçirilə bilər. Hər iki ölkənin gözəl filmləri var”.
APA-nın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan İran İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Abuzər İbrahimi Türkman deyib.
İki ölkənin ədəbiyyatından söz açan A. İ. Türkman iki ölkənin məşhur ədəbi xadimləri ilə bağlı tədbirlər keçirilməsini mümkün sayıb: “İran və Azərbaycanın böyük ədəbiyyatı var, bizim ədəbiyyatların kökü birdir. Mətbəximiz, dinimiz, tariximiz birdir. Azərbaycanla İran qonşudur və qonşu olaraq qalacaqlar. Biz böyük alimlərimizlə bağlı tədbirlər keçirə bilərik. Böyük şair və yazıçılarımız üçün Azərbaycanda və İranda tədbirlər keçirə bilərik. Biz maraqlıyıq ki, Məhəmməd Füzuli, Məmmədhüseyn Şəhriyarla bağlı tədbirlər keçirək. Azərbaycan ədəbiyyatı çox güclüdür. Fars ədəbiyyatında da Firdovsi, Hafiz, Sədi kimi şair və yazıçılar var. Eyni zamanda İran ədəbiyyatı Azərbaycan, Azərbaycan ədəbiyyatı fars dilinə tərcümə edilə bilər. Biz bu sahələrdə maraqlıyıq.”.