Azərbaycanın Kanadadakı səfirliyindən APA-ya verilən məlumata görə, bayram tədbirində Azərbaycan, Türkiyə, Qazaxıstan səfirliyinin təmsilçiləri, Kanada federal parlamentinin üzvləri, Kvebek əyalətinin nazirləri və parlament üzvləri, Ottava və Monreal şəhərlərindəki Azərbaycan icmalarının üzvləri, Kanadada yaşayan türkdilli xalqların təmsilçiləri və yerli qonaqlar iştirak ediblər.
Tədbir çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan xalqlarının özünə məxsus Novruz adətləri barədə məlumat verilib və ölkələr haqqında tanıtım xarakterli video çarxlar nümayiş etdirilib.
Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli çıxışında Novruzun 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilməsini, eləcə də 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının mart ayının 21-nin “Beynəlxalq Novruz Günü” elan edilməsi barədə qərarını xatırladaraq, Azərbaycanın hər zaman bu beynəlxalq təşəbbüslərin önündə getdiyini qeyd edib. Bundan başqa, Azərbaycanın özünəməxsus Novruz adətləri barədə tədbir iştirakçılarına məlumat verilib və Sovet İttifaqı illərindəki basqılara belə baxmayaraq, Azərbaycan xalqının hər zaman bu bayramı əziz tutduğu vurğulanıb.
Sonra 2011-ci ilin 10 sentyabr tarixindən Ottava şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbinin şagirdləri Azərbaycan xalq mahnılarını səsləndirmiş və rəqslər nümayiş etdirib. Həmçinin Monrealda fəaliyyət göstərən “Savalan” rəqs qrupu Azərbaycan milli rəqslərini qonaqlara nümayiş etdirib.
Tədbirdə həmçinin Türkiyə Respublikasının Kanadadakı səfiri Ünal Çevik, Kanada Federal Parlamentinin üzvü Maria Murani, Kvebek əyalətinin İmmiqrasiya naziri Katlin Veil və Qazaxıstan səfirliyinin Kanadadakı müşaviri Daniyar Seidaliyev çıxış ediblər.