Bakı. Cavid Zeynallı – APA. Martın 30-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Tovuz şəhərində Tovuz, Ağstafa, Gədəbəy, Qazax və Şəmkir rayonlarının sakinlərini qəbul edib. Nazirlikdən APA-ya verilən məlumata görə, Ə. Qarayev qəbuldan öncə Tovuz rayonu ərazisindəki Göytəpə qədim yaşayış məskənində aparılan arxeoloji işlər və Hüseyn Bozalqanlı adına Aşıq Sənəti Muzeyində aparılan yenidənqurma işləri ilə tanış olub, müvafiq tapşırıqlar verib.
Nazir həmçinin Tovuz rayon Tarix-Diyarşünaslıq Muzeyini, Qovlar şəhər Mədəniyyət evini, qala kompleksini ziyarət edib.
Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən görüşdə vətəndaşların müxtəlif məsələlərlə bağlı təklif, xahiş və şikayətləri dinlənilib. Nazirliyin məsul işçilərinin də iştirak etdikləri qəbulda səslənən müraciətlər əsasən yerlərdə mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, ixtisaslı kadrlarla təmin olunması, tarix-mədəniyyət abidələrinin mühafizəsi, təmir-bərpası, kitabxana şəbəkəsinin təkmilləşdirilməsi, turizmin inkişaf etdirilməsi və s. məsələlərlə bağlı olub.
Nazir Ə. Qarayev jurnalistlərə açıqlamasında vətəndaşların təşəbbüskarlığını, mədəniyyət və turizm sahələrində problemlərə diqqət yetirməsini təqdirlə qarşıladığını deyib. O bildirib ki, tarix-memarlıq abidələri və qədim yaşayış məskənlərinin müvafiq turizm marşrutları ilə əhatə olunması üçün əlavə tədbirlər görüləcək. Bölgədə aşıq sənətinin də zəngin irsi olduğunu qeyd edən nazir bu xüsusda səslənən təkliflərin aktuallığını diqqətə çatdırıb. Qeyd edib ki, Tovuz rayonunda Aşıq Sənəti Muzeyi nazirlik tərəfindən yenidən qurulur.
Nazir qəbulda səslənən bir sıra məsələlərin operativ şəkildə həll edildiyini, o cümlədən kitabxanaların yeni nəşrlərlə təminatı barədə müvafiq tapşırıq verildiyini söyləyib. Sosial məsələlərə dair müraciətlərin də diqqətdə saxlanılacağı və həlli ilə bağlı aidiyyəti təşkilatlara müraciət ediləcəyi qeyd olunub.
Qəbuldan sonra nazir Ə. Qarayevin, nazirliyin məsul işçilərinin, Tovuz, Ağstafa, Gədəbəy, Qazax və Şəmkir rayonlarının mədəniyyət və turizm müəssisələri rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.
Müşavirədən sonra nazir Azərbaycan-Gürcüstan sərhədinə gedərək Sınıq Körpü tarixi abidəsi ətrafındakı vəziyyətlə tanış olub, Qazax rayonunda “Avey” Tarix-Mədəniyyət Qoruğu ərazisindəki Damcılı qədim yaşayış məskəninə də baş çəkib.