Bakı. Cavid Zeynallı - APA. “Bu ilin sonuna qədər Aşıqlar Birliyinin qurultayı keçiriləcək”.
Bunu APA-ya açıqlamasında Aşıqlar Birliyinin bu gün seçilən sədri Məhərrəm Qasımlı deyib. Onun sözlərinə görə, növbəti qurultayda formalaşacaq idarə heyəti öz sədrini seçəcək: “Azərbaycan Aşıqlar Birliyinin nizamnaməsinə görə, qurultay idarə heyəti seçir və həmin heyət yığışıb ayrıca sədri seçir. Yəni rəhmətlik Zəlimxan Yaqubu qurultay yox, qurultayın müəyyənləşdirdiyi idarə heyəti seçmişdi. Bu gün həmin idarə heyəti səlahiyyətlidir. O səlahiyyətli idarə heyətinin sədr seçməyə hüququ var. Növbəti qurultayda formalaşacaq idarə heyəti öz sədrini seçəcək. Bu, mən də ola bilərəm, başqası da ola bilər. Çalışacağam ki, qurultaya qədər fəaliyyətim olsun”.
M. Qasımlı əlavə edib ki, Aşıqlar Birliyinin təxminən 200-ə yaxın üzvü var: “Mən bunu üzvlərin say çoxluğu kimi görürəm. Fikrimcə, bu say 100 nəfər civarında olmalıdır. Qəti şəkildə süni üzvlük hallarına yer verməyəcəyik. Yalnız istedadlı adamlar üzv olacaq”.