Bakı. Cavid Zeynallı – APA. Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan mətbuatının və nəşr məhsullarının arxiv fondunun yaradılmasının təkmilləşdirilməsi məsələlərinə dair qəzet və jurnal redaktorları və nəşriyyat direktorlarının respublika müşavirəsi keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, qanunvericiliyin tələblərinə uyğun işıq üzü görən yeni nəşrlərin nüsxələrinin kitabxanalara verilməsi bəzi qurumlar tərəfindən icra edilmir.
Problemin obyektiv və subyektiv səbəblərinin olduğunu deyən Ə. Qarayev nöqsanların aradan qaldırılmasının səmərəli və operativ yollarından danışıb: “Mətbu orqanlar, nəşriyyat və poliqrafiya evləri kitab dövriyyəsini qanunvericiliyin tələblərinə uyğun həll etməlidir. Çap olunan müxtəlif kitabların, dövri nəşrlərin Azərbaycan Milli Kitabxanası ilə yanaşı, ölkədə fəaliyyət göstərən digər nüfuzlu kitabxanalara verilməsi təmin olunmalıdır. Nəşriyyatlarda çap olunan hər bir nəşrdən 10 nüsxə kitabxanalara verilməsi heç nəyi dəyişməz. Ancaq həmin kitabların milli kitab xəzinəsinə verilməməsi çox şeyi dəyişir. İstəməzdik ki, bu məsələlər inzibati yolla həll olunsun. Biz bununla milli arxiv irsimizi yüksək səviyyədə yaradır və onu gələcək nəsillər üçün qoruyub saxlamış oluruq. Bu sahədə görüləcək işlərin şəffaflığının təmin olunması məqsədilə məcburi nüsxə, beynəlxalq və respublikada yeni nömrələmə sisteminin formalaşması istiqamətində ciddi addımlar atılacaq”.
Nəşr məhsullarına İSBN beynəlxalq kitab nömrələrinin verilməsinin zəruriliyini qeyd edən nazir hazırda bu işlə Xəzər Universitetinin məşğul olduğunu, lakin prosesin formal aparıldığını, respublikada çap olunan kitabların yalnız 20-25 faizinə İSBN nömrəsi verildiyini, onların da beynəlxalq İSBN agentliyinin bazasında öz əksini tapmadığını bildirib.
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu və başqaları mövcud vəziyyətlə bağlı müzakirə aparıblar.