Bakı – APA. Nyu-Yorkda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq işçi qrupunun iclası keçirilib.
APA-nın məlumatına görə, iclasda Azərbaycan nümayəndə heyəti, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Dünya Turizm Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Koventri Universitetinin Sülh, Etimad və Sosial münasibətlər İnstitutunun nümayəndələri iştirak edib.
İclası BMT-nin Ali nümayəndəsi Nasser Abdulaziz Al-Nassir ilə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açıblar. Onlar dünyada mühüm beynəlxalq qurumları bir yerə toplayan yeganə təşəbbüs kimi Bakı Prosesi və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq səviyyədə mədəniyyətlərin və dinlərin dialoquna, etimadın yaranmasına xidmət etdiyini qeyd ediblər.
Ə. Qarayev bildirib ki, prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Forumdan gözləntilər böyükdür və bu qlobal tədbir müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələri üçün mehriban birgə yaşama və dialoq mədəniyyətinin inkişafında irəliyə doğru mühüm addım olacaq.
Sonra toplantı BMT-nin Sivilizasiyalar Alyansının sözçüsü Nihal Saad ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadənin həmsədrliyi ilə davam edib.
Forum çərçivəsində BMT-nin 2015-ci ildən sonrakı inkişaf gündəliyi, mədəniyyət, din və ekstremizm meylləri, turizm, miqrasiya, təhsil, mədəniyyətlərarası bacarıqların təşviqi, insan təhlükəsizliyi, gənclər və sosial media, mədəniyyət və mədəniyyətlərarası dialoq şəhərləri, multikulturalizm və digər bu kimi mövzularda plenar və işçi sessiyaların təşkili, beynəlxalq qurumlar və hökumətlər arasında əməkdaşlıq sinerjisinin gücləndirilməsi üçun layihələrin irəli sürülməsi nəzərdə tutulur.