Bakı. Cavid Zeynallı – APA. Səmərqənddəki “Afrosiab” Dövlət Tarix Muzeyində “Azərbaycan” pavilyonunun açılışı olub.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, muzeydə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil etdiyi “Azərbaycan” adlı sərgidə ölkəmizin tarixi, mədəniyyətinə dair suvenirlər, maddi-mədəniyyət nümunələri, Azərbaycan milli qadın və kişi geyimləri, xalçalarımız, milli musiqi alətləri, kəlağayılar, habelə ölkəmizin mədəniyyəti, xalça sənətinə dair kitablar nümayiş etdirilib.
Tədbirdə Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı “Yallı”, “Uzundərə” kimi Azərbaycan milli rəqslərini ifa edib.
Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbirlər davam edir. Tədbirlər çərçivəsində Puşkin adına Səmərqənd Vilayət Mərkəzi Kitabxanasında “Odlar yurdu - Azərbaycan” adlı sərgi təşkil olunub və vilayətin baş kitabxanasında “Azərbaycan guşəsi” yaradılıb.