Bakı. Fuad Cəfərov - APA. Millət vəkili Qənirə Paşayeva Türkiyədə Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunan tədbirdə iştirak edib.
APA-nın məlumatına görə, Giresun Universitetində Türk dünyasının görkəmli ziyalısı Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunan tədbir millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, Avrasiya Beynəlxalq Araşdırmalar İctimai Birliyinin sədri Qənirə Paşayeva və Azər Turanın müəllifi olduğu “Əli bəy Hüseynzadə Turan” kitabının təqdimatı keçirilib.
Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva türk dünyasının ziyalıları və görkəmli şəxsiyyətləri arasında Əli bəy Hüseynzadənin xüsusi yeri olan bir fikir adamı olduğunu dilə gətirib. O, Türkiyə üçün böyük fədakarlıqlar edən Əli bəy Hüseynzadənin gənclərə əsl örnək olduğunu qeyd edərək, onu anmaqdan başqa anlamağı da tövsiyə edib.
Giresun valisi Həsən Qaraxan millət vəkili Qənirə Paşayevaya xatirə plakatı təqdim edərək, bu konfransın keçirilməsini yüksək qiymətləndirib. O bildirib ki, konfrans sayəsində Əli bəy Hüseynzadə haqqında xeyli məlumat əldə edib.
Tədbirdə millət vəkili ilə yanaşı onun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. Nümayəndə heyətinin tərkibində “Ədəbiyyat” qəzetinin baş redaktoru Sərvaz Hüseynoğlu, “Simsar” informasiya agentliyinin rəhbəri İradə Nurəddinqızı, həmin agentliyin müxbiri Ülviyyə Cövdətqızı, “Lider” Televiziyasının əməkdaşı Nuranə Axundova, İşgüzar Qadınlar İctimai Birliyinin sədri Sürəyya İsmayılova, Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva, 190 saylı orta məktəbin müəllimi Məlahət Hüseynova, əməkdar artist Elza Seyidcahan yer alıblar.
Qeyd edək ki, Əli bəy Hüseynzadənin 150 illiyinə həsr edilmiş növbəti tədbir fevralın 27-də İstanbul şəhərində baş tutacaq.