Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, müşavirədə mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev, Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova, Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli iştirak ediblər.
V. Əliyev bildirib ki, Azərbaycanda on iki mindən çox müxtəlif tipli kitabxana mövcuddur: “Onlardan 3 min 172-si Mədəniyyət və Turizm Nazirliyinin kütləvi kitabxanalar şəbəkəsinə daxildir. Bizim kitabxanalarda 10 mindən çox insan çalışır, onlardan 8 min 285-i kitabxanaçı kadrlardır. Bu kitabxanalar 2 milyondan çox oxucuya xidmət edir. Kitabxanalar vasitəsi ilə oxucuların ixtiyarına 32 milyon 300 mindən çox ədəbiyyat verilib”.
Nazirliyin Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova çıxışında kitabxanaların vəziyyətinin təhlilini aparılıb, onların nailiyyətlərindən, nöqsan və çatışmazlıqlarından söhbət açıb.
Müşavirdə müxtəlif mövzular üzrə məruzələr dinlənilib, iştirakçılara “ALİSA” proqramının təqdimatı nümayiş etdirilib.
Nazirlikdən bildiriblər ki, tədbirin keçirilməsində məqsəd Azərbaycan prezidentinin 2008-ci il 6 oktyabr tarixli 3072 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrası nəticəsində əsası qoyulan fəaliyyət istiqamətlərinin ardıcıl və davamlı inkişafının təmin olunması üçün kitabxanaların müasir dövrdə rolu, fəaliyyəti, problemləri, onların inkişaf perspektivlərini geniş şəkildə müzakirə etmək, mövcud vəziyyəti təhlil edib qiymətləndirmək və qarşıdakı vəzifələri müəyyənləşdirməkdən ibarətdir.