Bakı. Cavid Zeynallı – APA. Milli İncəsənət Muzeyində xalq rəssamı Kazım Kazımzadənin 100 illik yubileyinə həsr olunmuş fərdi sərgisi və xatirə mərasimi keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tanınmış incəsənət xadimlərinin iştirak etdiyi tədbir çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimovanın “Kazım Kazımzadə” kitabının təqdimat mərasimi keçirilib.
Muzeyin direktoru, əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev bildirib ki, K. Kazımzadə uzun illər İncəsənət Muzeyinə rəhbərlik edib: “Müxtəlif janr və üslublarda işləyən sənətkarın əsərləri XX əsr milli mədəni irsimizin qiymətli nümunələridir. O, ənənəvi yaradıcılıq məktəbi ilə çağdaş mədəni tələblərin vəhdətindən yaranan nadir rəssamlıq bacarığını əsərlərində məharətlə istifadə edib”.
Sənətşünas Sevil Kərimova qeyd edib ki, rəssamın sənət və həyat yolunu araşdırmaq əslində uzun və maraqlı səyahətə çıxmaqdır: “Sənətkarın sözlü portretini yaratmaq üçün onu zaman və məkanın kontekstində görmək, şəxsi qeyd və həyatının kiçik epizodlarını bilmək vacibdir. Kitab da məhz bu cəhətlər üzərində yazıldı. Kazım Kazımzadə ilə birlikdə çalışan bir insan kimi bu kitabı yazmağı özümə borc bildim”.
Xalq rəssamları Tofiq Ağbabayev, Altay Hacıyev, Arif Hüseynov, Cəmil Müfidzadə, əməkdar incəsənət xadimi Ziyadxan Əliyev Kazım Kazımzadə ilə bağlı xatirələrini bölüşüblər.
Mərasimdə sənətşünas Z. Əliyev Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsarın dəri üzərində işlənmiş “Şahmələk” əsərini Milli İncəsənət Muzeyinə hədiyyə edib.
Tədbir iştirakçıları K. Kazımzadənin 46 qrafik əsərinin nümayiş olunduğu sərgi ilə tanış olublar. Bir həftə davam edəcək sərgidə rəssamın müharibə mövzusuna həsr etdiyi “Darmadağın edilmiş faşist tankı”, “İstirahət zamanı” “Anadan məktub”, “Bizim uşaqlar” silsiləsindən – “Mən sizə qulaq asıram”, “Rəsm çəkəcəyəm”, “Çıxış ərəfəsində”, “A.Bakıxanov”, “Şair Əli Fəzli” portretləri, Nizami, Məhsəti Gəncəvi, Q.Şirvani, Q.Təbrizi, Xətai və Hafizin yaradıcılığına çəkilmiş illüstrasiyaları yer alıb.