Bank Of Baku

Bəxtiyar Sadıqov: “Azərbaycan” müstəqilliyimizin qeyri-rəsmi simvoludur”

Bəxtiyar Sadıqov: “Azərbaycan” müstəqilliyimizin qeyri-rəsmi simvoludur”
# 12 sentyabr 2008 13:47 (UTC +04:00)
- Yeddi il əvvəl “Azərbaycan” qəzetinin baş redaktoru təyin olunanda verdiyiniz müsahibədə qəzetdə islahatlar aparmaq istədiyinizi demişdiniz. Bu islahatlar axırı necə oldu, həyata keçirə bildiniz?

- Hər iki Azərbaycanda islahatlar çox böyük sürətlə gedir. Ölkədə gedən inkişaf göz önündədir. “Azərbaycan” qəzetində də çox böyük dəyişikliklər baş verib. Bu gün qəzetin bütün əməkdaşının müasir tipli kompüterləri, telefonları var, hər otaqda televizor, kondisioner qoyulub. İndiki zamanda biz bunları edə bilmişiksə, böyük işdir. Çünki qəzet büdcə yox, təsərrüfat hesablıdır. Bu işlərin hamısı islahatların sürətlə getdiyini göstərir. Biz sovet dövründən çıxmışıq, həm psixologiyada müəyyən qalıqlar var, həm də sovet dövrü qəzetçiliyinə aid müəyyən vərdişlərimiz qalıb. Bu əngəllər həm müxalifət, həm müstəqil qəzetlərdə özünü göstərir. Bir çox hadisələrə qiymət verəndə məhz o mövqedən çıxış edirik. Bazar iqtisadiyyatında kasıb və işsizin olması normal haldır. İnsan varlarınsa, bu onun qabiliyyətinin göstəricisidir. Bunu cəmiyyətin nöqsanı kimi göstərmək olmaz. Bir çox qəzet bunu cəmiyyətin, müxalifət isə birbaşa iqtidarın nöqsanı kimi qələmə verir.

- Sovet dövrünün qalıqları “Azərbaycan” qəzetində nə qədər qalıb?

- Təbii ki, burada da insanlar işləyir. Psixologiya inqilabi yolla yox, tədricən dəyişir.

- Heç özünüzü 90 il əvvəl “Azərbaycan” qəzetinə baş redaktorluq etmiş Ceyhun Hacıbəyli ilə müqayisə edirsiniz?

- İnsanlar kimi bəzən əşyaların da taleyi olur. Bəzən milyonçunun əlində olan əsa geyim dəstini tamamlamaq, kasıbın əlindəki isə ona dayaq olmaq üçün istifadə olunur. Müəyyən mənada “Azərbaycan”ı həm bəxtli, həm də bəxtsiz qəzet sayıram. “Azərbaycan” bizim müstəqilliyimizin qeyri-rəsmi simvoludur. “Azərbaycan” qəzeti öncə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xəbərlərini dərc edib. O dövrdə “Azərbaycan”da elə istedadlı şəxslər olub ki, adam onların necə yetişməsinə məəttəl qalır. Bu gün internet vasitəsi ilə otaqdan çıxmadan dünyanın istənilən kitabxanasına daxil olmaq imkanı var. Ancaq 1920-ci ildə bu texniki vasitələr yox idi. Belə bir şəraitdə Ceyhun bəy Hacıbəyli Sorbon Universitetini bitirib. Şəfi bəy Rüstəmbəyli, Xəlil İbrahim kimi şəxslər yüksək istedad və intellektə sahib olublar. Onların hər ikisi Rusiyada təhsil alıb və müxtəlif vaxtlarda “Azərbaycan” qəzetinə rəhbərlik edib. Qəzet bağlandıqdan sonra sovet dövründə Azərbaycanın terminlər lüğətini Xəlil İbrahimə hazırlatdırıblar. Açığını desəm, o dövrlə müqayisə edəndə Ceyhun Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Xəlil İbrahim də məndən xeyli yüksəkdə duran insanlar olublar. Azərbaycan Respublikası ikinci dəfə müstəqilliyini elan edəndə “Azərbaycan” qəzeti də bərpa olunub. Mənim redaktor xoşbəxtliyim odur ki, o insanların heç birinə nəsib olmayan qüdrətli Azərbaycanı gördüm. Qəzetin talesizliyi ondadır ki, sovet hökuməti “Azərbaycan”ı bağlayıb və bir daha bu adda qəzet çıxmasına imkan verməyib. Qəzetin bəxtsizliyi indiki dövrə də gəlib çıxıb. Bizim əlimizdə “Azərbaycan”ın bütün nömrələri yoxdur. Biz artıq qəzetin nömrələrinin hansı arxivdə saxlandığını öyrənmişik. Bu arxivlər həm Azərbaycanda, həm də xarici ölkələrdədir. Artıq arxivdə olan “Azərbaycan”ın nömrələrinin toplanması ilə bağlı müraciətlər etmişik. Ən böyük problemlərdən biri də odur ki, indiyə kimi “Azərbaycan” qəzeti tədqiq olunmayıb.

- “Azərbaycan”ın real tirajı nə qədərdir?

- Bu gün qəzet 9 min tirajla nəşr edilir.

- Ancaq 1990-cı illərin əvvəllərində Sabir Rüstəmxanlı baş redaktor olanda qəzet tirajda rekord vuraraq 100 mini ötüb. Bu gün səbəb nədir ki, 10 min tirajı belə keçə bilmirsiniz?

- “Kommunist” qəzetinin son tirajı 620 min olub. Mən o vaxt həmin qəzetdə işləyirdim. Onda mətbuat kütləvi idi, hamı qəzet oxuyurdu. Biz kitaba qayıtmasaq, intellekt cəhətdən yüksək inkişaf edə bilməyəcəyik. Digər problem isə bu gün kəndlərə qəzetlərin çatdırılmamasıdır. Sovet dövründə hər bir kəndə qəzet nəşr olunduğu gün çatdırılırdı. Adamlar bu məsələdən əziyyət çəkirlər. Qəzet həm də mənəvi qidadır. Ona alışmayan isə bu qidanı “yeyə” bilmir. Qəzetə alışmaq, onunla “xəstələnmək” lazımdır. Yəni təzədən biz qəzet oxumağa qayıtmalıyıq. “Azərbaycan” qəzeti hazırda respublika səviyyəsində yayılmaq imkanına malik deyil.

- Qəzetin çap səviyyəsindən razısınız?

- Mən fəxr edirəm ki, bizdə iyirmiyədək peşəkar jurnalist fəaliyyət göstərir. Elə redaksiyalar var ki, bir peşəkar jurnalisti belə yoxdur. İndi biz oturub fikirləşsək, ölkə üzrə əlli peşəkar jurnalistin adını yaza bilmərik. Yəni təkcə bu fakta görə ideal qəzet buraxmaq mümkün deyil. Digər tərəfdən, hər qəzetin öz konsepsiyası var. Bir dəfə küçə satışını eksperiment etdik, lakin gündə 5-10 qəzet sata bilmədik. Məsələn, istənilən yarmarkanın bu başından girib o başından çıxsan, vur-tut 2-3 “Azərbaycan” qəzeti sata bilərsən. Yəni hər qəzetin öz auditoriyası var. Bizim 7 min abunəçimiz var. Qalan 2 min nüsxənin isə 30-40 faizi geri qayıdır. “Azərbaycan” qəzetinin illik abunə haqqı təqribən 100 manatdır. Bu da abunəni çətinləşdir.

- Milli Məclisin orqanı olan qəzetə parlament niyə yardım göstərmir?

- Nizamnaməyə görə elə olmalıdır. Qəzet bir müddət dövlət büdcəsindən maliyyələşib, Azərbaycan Xalq Cəbhəsi iqtidarda olanda isə büdcədən çıxarılıb. İndi heç kim geriyə qayıtmağı qəbul etmir. Mən istəyirəm ki, Milli Məclis bizə elə-belə pul verməsin, ona göstərdiyimiz xidmətin müqabilində qəzeti maliyyələşdirsin, qəzetdə nə qədər qanun dərc olunursa, Milli Məclis reklam hüququ ilə onun haqqını ödəsə, kifayətdir. Bir dəfə Mərkəzi Seçki Komissiyasının materiallarını dərc etdik. Seçki Məcəlləsinə görə, həmin materialların haqqı ödənməli idi. Lakin bu günə qədər həmin pul ödənməyib.

- Yəni MSK sizə borcludur?

- Əlbəttə. Onlar bu pulu o vaxtdan ödəməyiblər. Mən bir qədər yazışmalar apardım, ancaq nəticəsi olmadı.

- Müsahibələrinizin birində demisiniz ki, “Azərbaycan” qəzeti başsağlıqları hesabına yaşayır.

- Biz qəzetin reklamı digərlərindən çox tuturuq. Tutaq ki, hansısa nazirlik Qurtuluş Günü ilə bağlı Azərbaycan xalqını təbrik edir. Axı bu təbriki müxalifət qəzeti verməyəcək! Digər tərəfdən, biz idarə və müəssisələrlə razılığa gəlmişik ki, onların tədbiri olanda işıqlandıracağıq, onlar da reklamları olanda bizim qəzetdə verəcəklər. Bizim gəlirimizin 30 faizini reklam təşkil edir. Yəni mən demişdim ki, biz ən çox pulu təbrik reklamı və başsağlığından qazanırıq.

- Sirr deyilsə, bir başsağlığının qiyməti neçədir?

- Bu gün bir başsağlığının qiyməti 17 manatdır. Altı nəfərin adından bir başsağlığı verilirsə, bunun məbləği 17 manatdır. Başsağlığı verən şəxslərin sayı artdıqca, qiymət də bahalaşır. Kiminsə yaxın adamının öldüyünü bilmək üçün bizim qəzeti alırlar. Yəni bu bazar bizdədir və heç kimə vermək fikrimiz yoxdur. Odur ki, biz başsağlığının qiymətini qaldıra da bilirik.

- “Azərbaycan” qəzetinin məhkəməyə verilən vaxtları olubmu?

- Tək mənim dövrümdə altı məhkəməmiz olub, onun da iksində iddiaçı biz olmuşuq. Bütün proseslərdə də qalib gəlmişik. Bütün yazılarımız haqlı olub. Qərəz olan yazını məhkəmədə heç vaxt müdafiə edib, udmaq olmur. Söz demək cəsarətdirsə, onu deyə bilmək məharətdir.

- Bəzən “Azərbaycan” qəzetində yüksək səviyyəli məmurların tənqidinə rast gəlinir...

- Bəzən yetişmiş məsələlər olur. Bir vaxt Bakıda yaşıllıqları qırıb yerində bina tikmək adama qəribə gəlirdi, insanlar bunu qəbul edə bilmirdi. Müxalifət qəzetləri bütün günü bu barədə yazsalar da, inanmırdılar. Biz bu mövzunu araşdırdıq. Söhbət ağac qırmaqdan yox, həmin şəxslərə bu hüququ verənlərdən, bu sənədə imza atanlardan gedir. Bu məsələnin dalınca gedəndə yüksək çinli məmurlara çatdıq. Bizim yazıdan sonra çoxsaylı hücumlara tuş olduq. Ancaq sözü də ucuzlaşdırmaq olmaz. Sözün tək ölçüsü və çəkisi yox, rəngi də var. Müəyyən qədər sözlə işləyəndən sonra onun rəngini görmək olur. Odur ki, eyni məsələdən çox tənqid yazıb sözü urvatdan salmaq olmaz.

- Bu yaxınlarda rəhbərlik etdiyiniz qəzetdə televiziyaları da ciddi tənqid etmişdiniz...

- Ulu öndər Heydər Əliyevin 2001-ci ilin avqustun 13-də milli mənəvi dəyərlərin qorunması ilə bağlı müraciəti olub. Orada çox vacib məsələlər əksini tapıb. Bu gün biz avropalıyıq deyib, az qala abır-həyamızı, ədəb-ərkanımızı unutmağa başlamışıq. Dünyanın harasında sıradan çıxmış, vaxtı keçmiş, qəbul olunmayan layihələr varsa, Azərbaycanın özəl kanalları onu camaata sırımaqla məşğuldur. Məsələn, bir neçə il əvvəl abır, ismət, namus “Qəfəs”ə qoyulmuşdu. Axır ki, bir müddət keçəndən sonra onun qarşını aldılar. Məsələn, bu gün “Sarı” jurnalı nəşr olunur. Bir də görürsən Fransada hansısa aktrisanın iyirmi ərinin olmasından yazırlar. Bu, Avropa üçün normaldır. Hər televiziyanın bir “bazar” verilişi var. Bir də görürsən, kimsə çıxıb atası bilinməyən uşağı haqqında danışır. Azərbaycanda atası bilinməyən uşağın bir adı var - bic. Ancaq gör vəziyyət hansı həddə çatıb ki, hamı bic doğmağı bayram edir, televiziyalar da bunun təbliğatçısına çevrilir. Mən axşam saat 10-da yatıram. Haradan bilim ki, mən yatandan sonra oğlum oturub belə səviyyəsiz proqramlara baxmır. Bunun qarşısını qadağa yolu ilə almaq mümkün deyil. Azərbaycanda şou-biznes yoxdur. İndi cəmi iki qrup şou-bizneslə məşğuldur. Bunlar “Bakılı oğlanlar” komandası və Rəfaellə Coşqundur. Onlar tam normal fəaliyyət göstərirlər. İndi “palatka” müğənniləri televiziyalara pul ödəyib “raskrutka” olunurlar. Bundan isə televiziya kanalı və həmin müğənnidən başqa heç kim qazanmır. Mən yazını adı ilə yazıram. Yazdıqlarımın müəyyən qədər təsiri olur. Lakin Azərbaycanda ictimai qınaq lazımi səviyyəyə çatmayıb.

- Bir dəfə “Azərbaycan” qəzetində Əkrəm Əylislinin özünün xəbəri olmadan müsahibəsi dərc olunmuşdu. Sonradan bu hadisə yazıçının böyük etirazına səbəb oldu.

- Əkrəm Əylislinin 70 illik yubileyi ərəfəsində jurnalist Telman Mehdixanlı bir neçə dəfə ondan müsahibə almaq istəyib, lakin baş tutmayıb. Jurnalist onun köhnə müsahibələrinin üzərində işləyib və yeni material hazırlayıb. Ancaq müsahibəni Əkrəm Əylisliyə oxutdura bilməyib. Müsahibə qəzetdə gedəndə mən jurnalisti çağırıb materialı yazıçıya oxutdurub-oxuturmadığını soruşdum. O da cavabında yazıçının müsahibədən xəbərdar olduğunu dedi və müsahibəni çap etdik. Səhəri gün Əkrəm Əylisli zəng edib qəzetə müsahibə vermədiyini dedi və təkzib tələb elədi. Hətta bu barədə mətbuata açıqlama da verdi. Mən də bunun üstündə jurnalisti işdən çıxartdım. Sonradan Əkrəm Əylisli də daxil olmaqla, bir neçə millət vəkili mənə müraciət edərək, onu işə bərpa etməyimi xahiş etdi. Mən iclas keçirdim. İclasda redkollegiya jurnalistin bağışlanmasını müsbət qiymətləndirdilər və biz Telman Mehdixanlını işə qaytardıq. Lakin bu hadisə Əkrəm Əylislini yenidən tanımağıma kömək etdi, mən onu ikinci dəfə kəşf etdim. Əkrəm Əylislini yazıçı kimi tanıyırdım, bu hadisədən sonra isə insan kimi də tanıdım. Əkrəm müəllim prinsipcə düz etmişdi. Amma 70 yaşlı bir xalq yazıçısının 60 yaşlı məcburi köçkünü işindən qovdurmasını ayrı cür qiymətləndirənlər də oldu...

- Sentyabrın 15-də “Azərbaycan” qəzetinin 90 illiyi tamam olur. Rəsmi səviyyədə təbrik və ya mükafatlandırma gözləyirsinizmi?

- Dövlət başçısı zəhmətimi yüksək qiymətləndirərək, məni “Əməkdar jurnalist” fəxri adına layiq görüb. Ona görə özüm üçün heç nə istəmirəm. Ancaq kollektivdə olan peşəkar jurnalistlərin təltif ediləcəyini gözləyirik.

- Neçə yaşınız var?

- Artıq 57 yaşındayam.

- Yaşınıza baxanda tez qocalana oxşayırsınız.

- 1991-ci ilə qədər cavan oğlan idim. Qarabağda baş verən hadisələr zamanı cəbhədə bölgəsində müxbiri kimi işlədim. Məni o müharibədə gördüklərim və yaşadıqlarım qocaltdı. Mənə elə gəlir ki, həyata ikinci dəfə gəlmişəm. Artıq ikinci həyatımı yaşadığımı hiss edirəm. Xudu Məmmədovun məşhur bir sözü var: “Mən artıq təəccüblənməyi tərgitmişəm, indi ancaq dərin təəssüf hissi keçirirəm”. Mən ömrüm boyu təəccüblənməmək üçün mübarizə aparmışam. Bəzən insanlar elə addımlar atır ki, təəccüblənirsən. İndi ömrümün təəssüflənmə çağıdır...
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR