“10 ildən sonra münasibətlərimizə baxıb “Biz bunu necə bacarmışıq?” deyəcəyik”.
Bunu Böyük Britaniya və Şimali İrlandiyanın Azərbaycandakı səfiri Dankan Norman diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində APA-ya açıqlamasında deyib.
Səfir bildirib ki, 10 ildən sonra Azərbaycan-Britaniya münasibətlərində bu gün gözlənilməyən məqam münasibətlərin daha da inkişaf etdirilməsi olacaq: “Hazırda onsuz da inanılmaz dərəcədə yaxşı olan və BP-yə əsaslanan münasibətlərimizi nəzərə alsaq, 10 ildən sonra geriyə baxıb “Biz münasibətlərimizi daha da yaxşılaşdırmışıq” deyəcəyik”.
Onun sözlərinə görə, gələcəkdə Azərbaycanda daha çox Britaniya şirkətinin fəaliyyət göstərməsi, təhlükəsizlikdən iqtisadi artıma qədər əməkdaşlıq edilən bütün sahələrdə əlaqələrin genişlənməsi gözlənilir. O, həmçinin qarşılıqlı səfərlərin sayının artacağını qeyd edib.
Dankan Norman qeyd edib ki, ilk növbədə strateji tərəfdaşlıq məsələsi yekunlaşdırılmalı və müvafiq sənəd imzalanmalıdır. O, bunun yaxın gələcəkdə baş verəcəyinə ümid etdiyini bildirib.
Səfirin sözlərinə görə, bundan sonra bir sıra yeni layihələr həyata keçiriləcək. Onların arasında süni intellekt və texnologiya sahəsində maraqlı layihələr də var.
“Ümid edirik ki, yaxın zamanda bununla bağlı bəzi xəbərləri açıqlaya biləcəyik”, - deyə o bildirib.
Dankan Norman, həmçinin qeyd edib ki, növbəti bir ay ərzində iki Britaniya naziri Azərbaycana səfər edəcək. Onun sözlərinə görə, nazirlərdən biri sentyabrın sonunda, digəri isə oktyabr ayında Azərbaycana gələcək. Səfir bunu ölkələr arasında yaxın münasibətlərin daha bir nümunəsi kimi qiymətləndirib.