Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz şəhərində əlilliyi olan şəxslərə xidmət göstərən reabilitasiya mərkəzinin əməkdaşları üçün “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Bu barədə APA-ya FHN-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirin keçirilməsində məqsəd əlilliyi olan şəxslərin fövqəladə hallar zamanı mühafizə və təxliyəsinin təşkili, onlara qulluq edən şəxslərdə yanğın və digər təhlükələrlə bağlı zəruri davranış qaydalarının aşılanması olub.
Tədbirdə FHN-in Şimal Regional Mərkəzinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi Xaçmaz Reabilitasiya Mərkəzinin əməkdaşları iştirak ediblər.
Tədbirdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ zamanı əlilliyi olan şəxslərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, mövzular ətrafında geniş müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.