Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri çərçivəsində xarici diplomatlar Qarabağ Universitetində olublar.
APA-nın Qarabağa ezam olunmuş müxbiri xəbər verir ki, nümayəndə heyətini Qarabağ Universitetində rektor Şahin Bayramov qarşılayıb.
O, qonaqlara Qarabağ Universitetinin fəaliyyəti, burada həyata keçirilən təhsil proqramları, tələbələrin sayı və onlar üçün yaradılan şərait barədə ətraflı məlumat verib.
Bildirilib ki, Qarabağ Universitetində tədris prosesi artıq üçüncü ildir həyata keçirilir. Rektor qeyd edib ki, universitetin fəaliyyətinin ilk ilində mindən çox tələbə təhsil alıb. İkinci tədris ilində tələbələrin sayı iki mini keçib. Bu il isə universitetdə təhsil alacaq tələbələrin sayının üç minə yaxın olması gözlənilir.
Rektor tələbələr üçün yaradılan şərait barədə də məlumat verib. Vurğulanıb ki, Qarabağ Universitetində tələbələr ödənişsiz təhsil alır, onların yaşayışı üçün zəruri şərait yaradılır, tələbələr yataqxana və mənzillərlə təmin olunurlar. Universitetdə müasir tədris proqramları tətbiq edilir, tələbələrin keyfiyyətli təhsil alması üçün müasir infrastruktur formalaşdırılır.
Rektor universitetin gələcək inkişaf perspektivlərindən də danışıb. O bildirib ki, Qarabağ Universitetinin tədris və infrastruktur imkanlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Universitetin yeni korpuslarının inşası həyata keçirilir.
Qeyd olunub ki, iqtisadiyyat istiqaməti üzrə yeni korpus artıq tikilərək istifadəyə verilib. Növbəti illərdə isə universitet şəhərciyində daha bir neçə yeni korpusun inşa edilərək istifadəyə verilməsi nəzərdə tutulur.
Xarici diplomatlar Qarabağ Universitetində yaradılmış təhsil infrastrukturu ilə tanış olub, tələbələr üçün yaradılan şərait və universitetin gələcək inkişaf planları barədə məlumat əldə ediblər.