UEFA Superkubokunun qalibi yenə Bakıya gəlir

UEFA Superkubokunun qalibi yenə Bakıya gəlir
# 31 oktyabr 2008 10:02 (UTC +04:00)
Bakı. Mehman Süleymanov - APA-Sport. 2005-ci ildə Azərbaycan kubokunu qazanan “Bakı” klubu Belçika “Anderlext”i ilə əməkdaşlıq edəcək. “APA-Sport”un məlumatına görə, artıq bununla bağlı ilkin razılıq əldə olunub. Bununla bağlı “Anderlext”in Brüsseldə yerləşən baş ofisində “Bakı”nın vitse-prezidenti Tunc Afşarla klubun baş müdiri Herman Van Holsbeeckin iştirakı ilə toplantı keçirilib. Bu, “Bakı”nın prezidenti Hafiz Məmmədovun “Böyük Bakı Futbol Klubu” layihəsinə daxil olan Avropa klubları ilə əməkdaşlıq sayəsində aid ilk addımdır. Əldə olunan razılığa əsasən, “Anderlext”in seleksiyaçıları Bekir Tedik və Rik Velde noyabrda Bakıya gələrək, klubun yeniyetmə və gənclərdən ibarət komandasının məşqlərində iştirak edəcək.

Dekabrdan etibarən isə “Bakı”nın yeniyetmə futbolçuları “Anderlext”in məşqlərinə qatılacaqlar. Bunun sayəsində onlar Avropa futbolu ilə yaxından tanış olmaq, səviyyələrini artırmaq imkanı qazanacaqlar. Bundan əlavə, gələn il “Bakı”nın yeniyetmə futbolçuları arasında təşkil olunacaq festivalda “Anderlext”in yeniyetmələrdən ibarət komandasının da iştirak edəcəyi planlaşdırılır. Qarşılıqlı əməkdaşlıq əsas komandalardan da yan ötməyəcək. Belə ki, bu klublar arasında gələn il yoldaşlıq görüşü keçiriləcəyi qərara alınıb.

Qeyd edək ki, üç il öncə Çempionlar Liqasında Bakıda “Neftçi”yə uduzan (0:1) “Anderlext” 29 dəfə Belçika çempionu olub, 2 dəfə Avropa Superkubokunu, 1 dəfə UEFA Kubokunu, 2 dəfə Avropa Kuboklar Kubokunu qazanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR