Bank Of Baku

Azərbaycanın dövlətçiliyinin mərkəzlərindən biri: Şirvanşahlar sarayı - REPORTAJ - FOTOSESSİYA

Azərbaycanın dövlətçiliyinin mərkəzlərindən biri: Şirvanşahlar sarayı - <font color=red>REPORTAJ - FOTOSESSİYA</font>
# 19 aprel 2010 14:05 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Şirvanşahlar sarayından reportaj hazırlamaq məqsədilə İçərişəhərə səfərimiz “Tarixi yerlər və beynəlxalq abidələr günü” ilə üst-üstə düşmüşdü. Sarayda bu səbəblə hansısa tədbirə hazırlıq gedirdi. Meydandakıların əynində orta əsr Azərbaycan insanının geyim üslubunda tikilmiş uzun və yaraşıqlı paltarlar var idi. Sarayın girişində qaynaşan və orta əsr qiyafəsində olan bu adamlar sanki özlərinin də xəbəri olmadan bu möhtəşəm tarixi abidəni Şirvanşahlar dövlətinin zamanına qaytarır, qəribə bir tarixi nostalji yaradırdı...

Elə bu nostalji hissələri ilə də orta əsrlərdə inşa edilən və Azərbaycanın dövlətçilik tarixinin qalasına çevrilən möhtəşəm Şirvanşahlar sarayı ilə tanışlığa başlayırıq. Əvvəlcə onu deyim ki, Şirvanşahlar sarayı İçərişəhərin yüksək hissəsində yerləşir. Saray XV əsrin əvvəllərində tikilib və bir müddət şirvanşahların iqamətgahı olub. Şirvanşahlar sarayı bir neçə binadan ibarət kompleksdir. Kompleks saray binasından başqa şərti olaraq divanxana, Şirvanşahların türbəsi, şah məscidi, ovdan, hamam, Seyid Yəhya Baküvinin türbəsi hesab edilən tikinti və şərq darvazasından ibarətdir. Seyid Yəhya Baküvinin türbəsi yanında Keyqubad məscidi adlanan tikinti də olub.

Vikipediya Açıq Ensiklopediyasında və Azərbaycan tarixi haqqında məlumat verən digər mənbələrdə Şirvanşahlar sarayı haqqında maraqlı məlumatlar yerləşdirilib. Həmin məlumatlarda göstərilir ki, ovdan, hamam və Keyqubad məscidinin bir hissəsi vaxtilə dağıdılıb. Sarayın baş binası ikimərtəbəli olub, Badamdar adlanan məşhur yerli daşdan tikilib. Kompleksin ən maraqlı və gözəl binası sarayla yanaşı tikilmiş divanxana adı ilə tanınan abidədir. Divanxana divarla əhatə edilib və həyətin ortasında yerləşir. Divanxananın üzərində onun nə məqsədlə tikildiyini göstərən kitabə qalmayıb. Ona görə də bunu ancaq şərti olaraq Divanxana, yəni məhkəmə adlandırırlar. Divanxananın türbə olduğunu güman edənlər də var. Onun əsasını səkkizbucaqlı bir salon təşkil edir. Bu salonu beş tərəfdən əhatə edən eyvanlar və həyətin divarları böyük yerləşən eyvanlar orada həmişə kölgə olmasını təmin edirdi. Divanxana istər öz plan quruluşu, istərsə də detallarının zərifliyi və zənginliyi etibarilə misli olmayan bir tikintidir.

Şirvanşahlar sarayının həyətində iki tikinti var: bunlardan biri məscid, digəri isə türbədir. Bu iki bina plan quruluşu etibarilə oxşar olsa da, memarlıq baxımından tamamilə fərqlənir. Türbəni 1435-ci ildə Şah Xəlilullah anasının və oğlunun dəfn edilməsi üçün tikdirib. Abidəni yaradan memarın adı portalın üzərində, qönçənin içərisində yerləşdirilib. Mürəkkəb bir naxış şəklində olan kitabədə memarın adının yazılmış olduğu son zamanda aşkar edilib. İlk baxışdan ornament təsiri bağışlayan kitabə yalnız diqqətlə öyrənildikdən və ayrı-ayrı ünsürlərə bölündükdən sonra onun məzmunu aydınlaşdırılıb. Özünü memar Əli adlandıran bu usta həqiqətən böyük bir məharətlə yaratdığı ornament kompozisiyası içərisində öz adını gizlədib. Burada olan türbənin planı ümumiyyətlə belə tikintilər üçün səciyyəvi olan bir şəkildədir. Binanın ümumi düzbucaqlı quruluşunun mərkəz hissəsini kümbəzlə örtülmüş salon, salonun bucaq tərəfini isə kiçik otaqlar tutur. Vaxtilə türbənin göy kaşı ilə örtülməsi bizə məlumdur. Bir ehtimala görə, türbənin içərisində kaşı bəzəyi olub. Doğrudan da 1946-cı ildə türbənin daxilində aparılan qazıntı zamanı kaşı qırıntıları tapılıb. Türbənin daxilində aparılan qazıntı zamanı döşəmənin altından qəbirlər açılıb və buradan yeddi nəfərin skeleti aşkar edilib. Türbənin yanında tikilən şah məscidi zahiri memarlıq quruluşu etibarilə çox sadədir. Bu məscidin memarlıq kompozisiyasındakı məharət ondan ibarətdir ki, memar binanın ümumi xarici şəklində bir necə kümbəzi və şaquli minarəni ahəngdar şəkildə birləşdirə bilib. Burada minarənin üzərində olan kitabədən binanın 1442-ci ildə Şirvanşah Xəlilullah tərəfindən tikildiyi göstərilir. Şah məscidinin minarəsi XV əsrdən bizim dövrə qədər qalan yeganə minarədir.

Saray kompleksinə daxil olan tikintilərdən birinin XV əsrdə yaşamış alim Seyd Yəhya Bakuvinin türbəsi olduğu güman edilir. Türbənin üst örtüyünü təşkil edən səkkizbucaqlı piramida da başqa abidələrdən fərqlənir. Piramidanın tinləri düz xətlə deyil, lekal əyrisi ilə aparılıb. Bundan başqa, Şirvanşahlar sarayı kompleksinə daxil olan tikintilər içərisində Şərq darvazası xüsusi yer tutur. Bu tikinti başqa tikintilərdən fərqli olaraq XV yox, XVI əsrdə tikilib. Şərq darvazası üzərində bir kitabə var. Həmin kitabədə binanın ustad Əmirşah tərəfindən tikildiyi bildirilir. Bu, həmin əsrdə ölkənin şimal və cənub vilayətləri arasındakı əlaqəni və xüsusən təbrizli memarların Bakıda da çalışdığını göstərir.

Şirvanşahlar sarayı 1997-ci ildə UNESCO tərəfindən qorunan abidələrin siyahısına daxil edilib. Bu abidə orta əsrlərdə Azərbaycanın arxitekturasının çiçəklənməsindən, Şirvanşalar dövrünün əzəmətindən xəbər verir. Şirvanşahlar sarayı kompleksi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muzey-qoruq kimi qorunub saxlanılır. Orada 200-dən çox abidə var.

Xüsusi üsluba malik olan Şirvanşahlar sarayı Azərbaycanın digər abidələrindən fərqlənir. Binanın əsas hissəsi 1420-ci ildə tikilib. Şirvanşahlar sarayı bir neçə hissədən ibarətdir:
1. Divanxana (1450)
2. Seyid Yəhya Bakuvi məqbərəsi (1450)
3. Hamamxana (1450)
4. Məzar (1435)
5. Şahın məscidi (1441)
6. Mərad darvazası (1585).
Hamamxana sarayın lap aşağı tərəfində yerləşir. O, 1939-cu ildə aşkar edilib, 1953-cü ildə təmizlənib və 1961-ci ildə təqdim olunub. Təmizlənməyə əsaslanaraq demək olar ki, sığınacaqlar kümbəzlər tərəfindən örtülür və kümbəzdə olan kəsiklər də lazımi qədər sistemlidir. Hamamxananın planı dörd sütundan ibarət iki geniş dördkünc sığınacaqdan ibarətdir. Sığınacaqların bir qrupu soyunmaq üçün nəzərdə tutulub və “çol”, yaxud “bayır” adlanır. Digər qrup yuyunmaq üçün nəzərdə tutulub və ‘içəri’ hissə adlanır. Soyuq və isti su ehtiyatları isə “Kazna” adlanır. Doktor Lerç 1733-cü ildə sarayda olub və hamamxana haqqında belə deyib: “Hamamxana çöldən və içəri hissədən çox gözəl bəzədilib. Su ehtiyat hissəsindən qaynadıcıya - “Külxanaya” gəlir və xüsusi borulardan tökülür. Orada çoxlu sığınacaq hissələri var idi, məsələn, yuyunma otağı, “Xəlbəti” yəni tək çimmək üçün yer”.
İki mərtəbədən - birinci mərtəbəsi 27 otaqdan, ikinci mərtəbəsi isə 25 otaqdan ibarət olan Şirvanşahlar sarayı hökmdar I Xəlilullahın yay iqamətgahı idi. Xalqımızın qədim dövlətçilik ənənəsi tarixində Şirvanşahlar dövləti xüsusi yer tutur. Minillik tarixi olan Şirvanşahlar dövlətindən xalqımıza miras kimi canlı abidə olaraq qalan Şirvanşahlar sarayı kompleksi qədim dövlətçiliyimizdən soraqdır.
IX əsrin 2-ci yarısında Abbasilər xilafətinin zəifləməsi və mərkəzi hakimiyyətdən uzaqlaşmaq meyllərinin güclənməsi xilafətə tabe ölkələrdə bir sıra müstəqil dövlətlərin yaranmasına səbəb oldu. Belə dövlətlərdən biri də Şirvanşahlar dövləti idi. Şirvanşahlar dövləti islam aləmində ən uzunömürlü dövlətdir. 861-1538-ci illərdə Azərbaycan ərazisində mövcud olan dövlətin banisi Şirvanşahlar sülaləsinin nümayəndəsi Yezid b. Məzyəddir. O, ərəblərin Əş-Şeyban tayfasındandır. Həmçinin elmə məlumdur ki, Əş-Şeyban tayfası Məhəmməd Peyğəmbərin ulu babası olan Mudarın qardaşı Rəbiə b. Nizarın qurduğu Rabia qəbiləsindəndir. Beləliklə, sübut olunur ki, Şirvanşahlar əslən İbrahim peyğəmbərin oğlu İsmayıl peyğəmbərin övladlarıdırlar.
X əsrin axırlarından etibarən Şamaxı ilə yanaşı, Bakı da Şirvanın əsas şəhərlərindən birinə çevrildi. XI əsrdə Şirvanşahlar dövləti regionda baş verən hadisələrin mərkəzində olduğundan, Bakı ətrafında qala divarları ucaldıldı.
Bakı X əsrdən liman şəhəri kimi məşhur idi. Bununla yanaşı, şəhər əhalisi sənətkarlıq, ticarət, bağçılıq, bostançılıq, üzümçülük, baramaçılıq, əkinçilik, neftçıxarma, balıqçılıq və s. ilə məşğul olurdu. XI əsrin sonu, XIII əsrin əvvəllərində Bakı tərəqqi dövrü keçirirdi. 1191-ci ildə Qızıl Arslan Şamaxını tutduqda şirvanşah I Axsitan müvəqqəti olaraq paytaxtı Bakıya köçürmüşdü. Şirvanşahlar şəhərin möhkəmləndirilməsinə xüsusi diqqət verirdilər. XII əsrdə Bakı ikicərgəli qala divarı və xəndəklə əhatə olundu. Qız Qalası da şəhərin müdafiə sisteminə daxil idi. 1232-1235 illərdə Bakını dəniz tərəfdən qorumaq məqsədilə buxta daxilində möhkəmləndirilmiş qala tikildi. Şirvanşahlar Xəzər dənizində güclü donanma yaratdılar. Şirvanşahlar sarayının yaranması və buradakı abidələrin tikintisi haqqında isə yuxarıda ətraflı bəhs etdiyimiz üçün bu məsələyə bir daha toxunmuruq.

Göründüyü kimi, Şirvanşahlar sarayı və bütövlükdə İçərişəhərdə inşa edilən tarixi-memarlıq abidələri bu gün təkcə bir abidə kimi deyil, eyni zamanda Azərbaycanın dövlətçilik tarixinin bir parçası kimi ziyarət olunmalı, tanıdılmalıdır. Məhz bu abidələrlə yaxından tanış olduqdan sonra Azərbaycanın dövlətçilik tarixinin necə qədim, möhtəşəm və qürurverici olduğu aydınlaşır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR