Səfir: “Azərbaycan Bolqarıstanı Aİ ölkələri arasında strateji tərəfdaş kimi görür”

Səfir: “Azərbaycan Bolqarıstanı Aİ ölkələri arasında strateji tərəfdaş kimi görür”
# 21 sentyabr 2016 17:26 (UTC +04:00)

Baku – APA. Bolqarıstan rəsmilərinin bu ayın sonunda Bakıda keçiriləcək Beynəlxalq Humanitar Forumda iştirak edəcəyi gözlənilir.

APA-nın məlumatına görə, bunu Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova “Radio Focus”a müsahibəsində bildirib.

Səfir Azərbaycan prezidenti İlham Əliyevin ötən il Bolqarıstana səfər etdiyini xatırladıb, səfər zamanı imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin ikitərəfli əlaqələrin genişləndirilməsinə töhfə verdiyini qeyd edib.

Azərbaycanlı diplomatın sözlərinə görə, bu bəyannamə hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstəyi ifadə edir.

“Bu ilin əvvəlində mən Bolqarıstan prezidenti Rosen Plevneliyev və xarici işlər naziri Daniel Mitov ilə Azərbaycana səfər etdim. Bu ayın sonunda Bakıda Beynəlxalq Humanitar Forumu keçiriləcək. Biz Bolqarıstan rəsmilərinin bu tədbirdə iştirak edəcəyini gözləyirik”, - deyə N. Qurbanova əlavə edib.

Bolqarıstanın Veliko-Tırnovo şəhərindəki “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpasına Heydər Əliyev Fondu tərəfindən vəsait ayrılması barədə razılaşmaya toxunan səfir qeyd edib ki, Heydər Əliyev Fondu tərəfindən tarixi abidələrin bərpası dostluq və sülh rəmzi kimi qəbul edilir.

N. Qurbanova vurğulayıb ki, Heydər Aliyev Fondu təhsil, mədəniyyət, idman, səhiyyə, elm, texnologiya və ətraf mühit kimi sahələrdə çoxsaylı layihələrin həyata keçirilməsində fəal iştirak edir: “Xeyriyyəçilik Fondun əsas prioritetlərindən biridir. Fond həmçinin xalqlar arasında dialoqun genişləndirilməsinə və tolerantlıq ənənələrinin qorunmasına xüsusi önəm verir. Heydər Əliyev Fondu dünyanın bir sıra ölkələrində 250-dən çox belə tədbir keçirib. Fransa, Almaniya, İtaliya, Vatikan, Belçika, Rusiya, Macarıstan, Rumıniya, Pakistan və Türkiyədə həyata keçirilən layihələr müxtəlif millətlərin yaxınlaşmasına töhfə verib”.

Xanım diplomatın sözlərinə görə, Azərbaycan Bolqarıstanı Avropa İttifaqı və NATO-ya üzv dövlətlər arasında strateji tərəfdaş kimi görür: “Bizim yüksək səviyyədə siyasi əməkdaşlığımız var. İki ölkə çoxtərəfli formatlarda da bir-birinə dəstək olur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR