Cəlil Cəfərov: “Artıq “Rabitə” brend kimi tanınır”

Cəlil Cəfərov: “Artıq “Rabitə” brend kimi tanınır”
# 26 dekabr 2012 13:32 (UTC +04:00)

Bakı-APA. “2012-ci ildə uğurlarımız böyük oldu. Doğrudur, 2011-ci il “Rabitə” debüt ilindəcə dünya çempionu adını qazanmışdı. Ancaq buna baxmayaraq, 2012 ildəki uğurumuzu azaltmaq lazım deyil”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə” voleybol klubunun prezidenti Cəlil Cəfərov deyib.

O bildirib ki, voleybol tarixində hər hansı bir klub 2 dəfə dünya çempionatının finalına çıxa bilməyib: “Bunu ilk dəfə edən hər hansı bir italyan və ya rus komandası deyil, məhz “Rabitə” oldu. Bu, həm ölkəmiz, həm də klubumuz üçün olduqca fərəhverici haldır. Çünki ortada böyük bir nəticə var. Bu günə qədər isə belə bir nəticəyə heç bir komanda nail ola bilməyib. Bu, artıq bir faktdır. Təbii ki, final mərhələsinə qədər irəliləmək, gümüş medala da sahib çıxmaq böyük bir nailiyyətdir”.

Çempionlar Liqasının qrup mərhələsində rekord xal toplayan (18) “Rabitə”nin prezidenti bildirib ki, yeni ildə əsas məqsədləri Avropanın ən güclüsü olmaqdır: “6 oyunda maksimum 18 xal toplayaraq pley-of mərhələsinə çıxmışıq. Bu da bir ilkdir ki, buna da Avropada yalnız “Rabitə” imza atdı. Əgər biz Fransa “Kann”ı ilə görüşdə qalib gələcəyiksə, onda sonrakı mərhələdə Kazan və Moskva “Dinamo”larının qalibi ilə görüşəcəyik. Ardınca isə “Dördlər finalı” gələcək. Təbii ki, bizim əsas məqsədimiz İstanbulda olacaq “Dördlər finalı”na çıxmaq və layiqli oyunumuzu, gücümüzü göstərməklə Çempionlar Liqasında qalib gəlməkdir”.

Son 2 ildə Azərbaycanın ən yaxşı klubu seçilən “Rabitə” bu uğuru davam etdirmək arzusundadır. “Bundan sonra bizim uduzmağımız sadəcə olaraq təsadüf nəticəsində ola bilər ki, hansısa qeyri-adi nüans baş versin. Doğrudan da bu faktdır. Bunu nəinki mən, bütün mütəxəssislər deyir. Çünki komanda olduqca güclüdür. Biz də öz gücümüzə inanırıq və əminik ki, qalib gəlməyə qadirik. Hər hansı bir problem, komandada zədə olmasa, qarşıda bizi çox böyük qələbələr gözləyir. Mən bir məsələni xüsusi qeyd etmək istəyirəm. Biz nə qədər desək də, komandaya edilən kömək və komandanın başında duran rəhbərlik böyük əhəmiyyət kəsb edir. Təbii ki, bu istiqamətdə cənab nazir Əli Abbasovun dəstəyi böyükdür. Çünki onun dəstəyi olmasaydı, komandamız bu səviyyəyə gəlib çıxmazdı. Abbasovun təkidi ilə biz Çempionlar Liqasında addımlar atmışıq. Təbii ki, cənab nazirin məsləhətləri ilə bu səviyyəyə gəlib çıxa bilmişik. Çünki belə dəstək, belə kömək olmasa, səmimi şəkildə bildirim ki, kimliyindən asılı olmayaraq heç kim komandanı bu səviyyəyə gətirə bilməzdi. Bu bir faktdır. Çünki köməklik böyük rol oynayır. Artıq “Rabitə” dünyada bir brend olaraq tanınır. Məhz buna görə də bizim borcumuzdur ki, klubu inkişaf etdirək, hər zaman da layiqli yerlərdən birini əldə edək”, - deyə klub prezidenti bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR