Bank Of Baku

“Azərbaycan mediasının Vətən müharibəsi salnaməsi” mövzusunda dəyirmi masa keçirilib - FOTO

“Azərbaycan mediasının Vətən müharibəsi salnaməsi” mövzusunda dəyirmi masa keçirilib - FOTO
# 05 noyabr 2026 12:00 (UTC +04:00)

Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə “Azərbaycan mediasının Vətən müharibəsi salnaməsi” mövzusunda dəyirmi masa keçirilib.

APA xəbər verir ki, dəyirmi masada Media və Yayım Şurasının şöbə müdiri Natiq Məmmədli, qazi jurnalistlər, universitetlərin jurnalistika fakültələrinin tələbələri və media könüllüləri iştirak ediblər.

Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Natiq Məmmədli açılış nitqində bildirib ki, Azərbaycan jurnalistikası Vətən müharibəsində böyük sınaqdan keçib və ölkə mediası qarşısında duran vəzifələri layiqincə yerinə yetirib:

“Biz, başda Ali Baş Komandan olmaqla, əsgərlərimizə və qazilərimizə minnətdarıq. Bu müharibədə Azərbaycan jurnalistikası da şəhid verib. 2021-ci ildə Kəlbəcərdə, müharibədən sonra peşə borclarını yerinə yetirərkən AZTV-nin operatoru Sirac Abışov və AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov şəhid olublar”.

Natiq Məmmədli qeyd edib ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın səsi dünyanın hər yerində eşidilib.

Daha sonra Vətən müharibəsi dövründə medianın fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.

Jurnalist, Qarabağ qazisi İlham Tumas çıxışında bildirib ki, Birinci Qarabağ müharibəsi ilə İkinci Qarabağ müharibəsi arasında insanların savadlılıq səviyyəsi baxımından böyük fərq olub.

Qazi jurnalist Mayıl Əsgərov isə bildirib ki, 44 günlük Vətən müharibəsində ordumuzun, iqtisadiyyatımızın və xalqımızın bir yumruq kimi birləşməsi qələbənin əldə olunmasında mühüm rol oynayıb. O qeyd edib ki, Vətən müharibəsi Azərbaycan xalqına çox şey öyrədib.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, qazi Bəhruz Məmmədzadə çıxışı zamanı qələbənin əldə olunmasında medianın roluna diqqət çəkib:

“Biz qələbəmizi qələmimizin gücü ilə bütün dünyaya çatdırdıq. Bu, bizim mətbuatımızın xidmətidir. Biz xalq olaraq qalib olduq və bu qələbəni yaşatmalıyıq”.

Qazi jurnalist Məğrur Əli Polad isə dəyirmi masanın təşkilinə görə Media və Yayım Şurasına təşəkkür edib. O bildirib ki, müharibə jurnalistlər üçün də peşə sınağıdır.

Dəyirmi masa müzakirələrlə davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR