Nigar Yaqublu məhkəmədə ifadə verib

Nigar Yaqublu məhkəmədə ifadə verib
# 17 dekabr 2012 11:10 (UTC +04:00)

APA-nın xəbərinə görə, hakim İlham Kərimovun sədrliyi ilə keçirilən prosesdə Nigar Yaqublu ifadə verib. N. Yaqublu ifadəsində Aydın Acalovun ölümündə özünü təqsirli bildiyini deyib: “Həmin gün maşını mən sürməsəydim bu hadisə baş verməzdi. Buna görə çox peşmanam. Mən sürücülük kursuna getmişəm və avtomobili idarə edə bilirəm. Heç vaxt maşını sürətlə sürməmişəm. Hadisə baş verən zaman isə qarşıma “VAZ 2107” markalı avtomobil çıxdı və mən idarəetməni itirdim. Bundan sonra nə baş verdiyindən xəbərim olmadı. Qəzadan sonra avtomobildən düşüb Aydın Acalovun nəbzini yoxaldım. Həyəcanlı olduğum üçün nə olduğunu aydınlaşdıra bilmədim, qışqırıb ətrafdakılardan kömək istədim. Amma adamlar yaxınlaşmadılar, həkimin gəlməsini gözlədilər”.

N. Yaqublu hadisə yerinə gələn polisin sualına cavab olaraq da avtomobili özünün idarə etdiyini dediyini xatırladıb: “Bu zaman polisdən soruşdum ki, məni tutacaqlarmı, o isə “qorxma, heç nə olmayacaq” dedi. Aydın Acalovu maşından çıxaranda artıq onun rəhmətə getdiyini gördüm. Atamın telefon nömrəsini polisə verdim ki, onu çağırsınlar”.

Təqsirləndirilən şəxs daha sonra ifadəsində qeyd edib ki, bir neçə gün sonra müstəntiq saçından nümunə götürmək onu çağırıb: “Həmin gün idarədən çıxmağa imkan vermədi, axşam məhkəmə olmalı idi. Amma həmin gün məhkəmə təxirə salındı. Bir neçə gün sonra məhkəmə oldu və barəmdə həbs-qətimkan tədbiri seçildi”.

Daha sonra N. Yaqublu dövlət ittihamçısı, hakim və vəkillərin suallarını cavablandırıb.

Məhkəmədə Aydın Acalovun oğlu və hüquqi varisi Rəşad Acalovun ifadəsi elan olunub.

İfadədə heç bir şikayətin, tələbin, iddianın olmadığı qeyd olunub.

Eyni zamanda R. Acalovun məhkəməyə ünvanladığı məktub da oxunub. Məktubda məhkəmədən hökm elan olunan zaman N. Yaqublunun gənc olmasının, hadisənin ehtiyatsızlıqdan baş verməsinin, ailə üzvlərinin şikayətinin olmamasının nəzərə alınması xahiş edilib.

Vəkil Elton Quliyev isə N. Yaqublu barəsində olan həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət qaldırıb. Vəkil, 17 deputatın bununla bağlı müraciətinin olduğunu, bunun məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edib.

Dövlət ittihamçısı isə məhkəmədən vəsatətin təmin olunmamasını istəyib.

Məhkəmə vəsatəti müzakirə etmək müşavirəyə gedib.

Qeyd edək ki, Nigar Yaqublu bu il sentyabrın 11-də saxlanılıb. Məhkəmə onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib. Həbs Müsavat Partiyasının üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR