Azərbaycan Diplomatik Akademiyasında “ADA Beynəlxalq Təqaüd Proqramı” mövzusunda təqdimat keçirilib

Azərbaycan Diplomatik Akademiyasında “ADA Beynəlxalq Təqaüd Proqramı” mövzusunda təqdimat keçirilib
# 10 dekabr 2012 19:51 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Diplomatik Akademiyası ölkədə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri üçün “ADA Beynəlxalq Təqaüd Proqramı” mövzusunda təqdimat keçirib. Tədbirdə məqsəd ADA-da tədris edilən akademik proqramlar və təqdim edilən elmi dərəcələr, eləcə də mövcud təqaüd proqramları barədə geniş məlumat vermək olub. APA bu barədə ADA Kommunikasiya Departamentinə istinadən məlumat verir. Otuz beşə yaxın ölkənin diplomatik missiyasının başçılarının iştirak etdiyi təqdimatda ADA-nın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev çıxış edərək qonaqları salamlayıb. Daha sonra Akademiyanın tələbə qəbulu üzrə şöbəsinin əməkdaşları təqaüd proqramları, onların verilmə şərtləri barədə təqdimatla çıxış ediblər. ADA-da təhsil alan xarici tələbələr, “Beynəlxalq Təqaüd Proqramı”nı qazanan Türkmənistandan Rudolf Qafarov, Çexiyadan Tereza Kotaskova və Ukraynadan Volodimir Qulik isə Diplomatik Akademiyada tələbə həyatı və tədris prosesi barədə fikirləri ilə bölüşüblər. Onlar xarici səfirlərə müraciət edərək təmsil etdikləri ölkələrdə “ADA Beynəlxalq Təqaüd Proqramı” haqda məlumat yaymaq və tələbələri Azərbaycanda təhsil almağa həvəsləndirməyə çağırıblar.

Qeyd edək ki, “ADA Beynəlxalq Təqaüd Proqramı” ali təhsil ocağında çoxmillətli tələbə heyəti yaratmaqla yanaşı, gələcəkdə öz ölkələri ilə Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə çalışacaq xarici məzunların yetişdirilməsi məqsədi ilə 2009-cu ildə təsis edilib. Hazırda ADA-da bu proqramla iyirmi beş xarici tələbə təhsil alır. Təqaüd proqramı təhsil haqqı, yaşayış və dərslik xərclərini ödəyir. Onu qazanmaq üçün yüksək akademik göstəricilərin nümayiş etdirilməsi əsas şərtlərdən biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR