Azərbaycan və İran kino sənayesi sahəsində əməkdaşlıq edəcək

Azərbaycan və İran kino sənayesi sahəsində əməkdaşlıq edəcək
# 21 dekabr 2012 09:21 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Azərbaycan və İran arasında kino sənayesi sahəsində əməkdaşlığa dair müzakirələrə başlanılıb.

APA-nın məlumatına görə, bunu İran prezidentinin müşaviri, İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Məhəmməd Baqir Xürrəmşad mətbuat konfransında deyib.

M.Xürrəmşad bildirib ki, artıq iki ölkənin kinematoqrafiya mütəxəssisləri bu istiqamətdə bir sıra görüşlər keçiriblər: “İranda kinematoqrafiya sənayesi yaxşı inkişaf edib. Bu sahədə bizim böyük texniki imkanlarımız mövcuddur. Təhsil müəssisələrimizdə də bu sahə üzrə mükəmməl tədris verilir. Fikrimcə, Azərbaycan üçün İranla bu məsələdə əməkdaşlığı inkişaf etdirmək daha səmərəli və sərfəli olardı”.

M.Xürrəmşad ədəbiyyat və tarixi şəxslər barəsində iki ölkənin alimləri arasında ortaya çıxan mübahisəli məqamlara da öz münasibətini bildirib: “Bəzi şəxslər Azərbaycanda dünyaya gəlib farsca yazıb, digərləri isə İranda doğulub türkcə yazıb. Bu şəxsləri özəlləşdirmək düzgün deyil. Çünki həmin dövrdə də, indi də bizim mədəniyyətimizin bağlılığı çoxdur və hətta birdir. Təbii sərhədləri bağlamaq olmaz”.

Onun sözlərinə görə, yaranan anlaşılmazlıqları siyasətçilər həll etməlidir: “Bu şəxslər, alətlər heç bir ölkəyə deyil, bəşəriyyətə məxsusdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR