Badamdar qəsəbəsindəki sürüşmə zonasında aktivlik artıb

Badamdar qəsəbəsindəki sürüşmə zonasında aktivlik artıb
# 22 dekabr 2012 09:43 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Son günlər havaların yağışlı keçməsi nəticəsində Bakı şəhərinin Badamdar qəsəbəsindəki sürüşmə zonasında aktivlik artıb. Bu barədə jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov məlumat verib.

O bildirib ki, havalar bir neçə gün belə davam edərsə, sürüşmə zonasındakı aktivlik daha da artacaq: “Son zamanlar atmosfer çöküntülərinin çox olması işlərə maneçilik törədir: Hazırda ərazi geotexniki tədqiqatların aparılması üçün yararlı və hazır deyil. Çünki həm yağışların yağması nəticəsində çökmə kütləsinin axıcılığı artıb, həm də aktivlik daha da çoxalıb. Əraziyə texnikanın çıxarılması mümkünsüzdür. Hazırda texnikalar qazma işləri üçün yol açırlar. Amma bu da qazma işlərinin aparılması üçün tam şərait yoxdur. Çünki bunun üçün ərazi həm stabil, həm də quru olmalıdır. Yuxarı hissədə yaşayış binalarının olduğu sürüşmənin qaş hissəsində qazma işləri aparılıb. Həmin ərazidə biotexniki və geoloji şərait öyrənilməlidir ki, yamacın dayanıqlığını təmin etmək üçün tədqiqatlar aparılsın, dayanıqlığın təmin edilməsi üçün tədbirlər plan hazırlanaraq həyata keçirilsin”.

B. Qaralov qeyd edib ki, sürüşmə baş verən anda bu prosesin əsas səbəbi kimi ərazidə tikilən evlərin tullantı suları göstərilib. Onun sözlərinə görə, son zamanlar aparılan tədqiqatlarda həqiqətən yamacın sürüşməsinə səbəbin həmin tullantı sularının olması təsdiqlənib: “Sürüşmə baş verən tarixdən bu günə kimi Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin mütəxəssisləri tərəfindən tədqiqat işləri aparılıb. FHN mütəxəssisləri tərəfindən ərazidə müvafiq işlər aparılır. 50 hektar ərazi olduğu üçün bu işlərin görülməsi uzun zaman tələb edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ərazidə geoloji və geofiziki tədqiqatların aparılmasına başlanılıb. 600 metr ərazidə 25 fiziki nöqtədə tədqiqatlar aparılıb və bir profil üzrə tədqiqatlar başa çatdırılıb. Həmin materiallar hazırda incələnir və nəticələr yaxın zamanlarda açıqlanacaq”.

Həmin ərazidə yerləşən evlərin köçürülməsinə gəlincə, B. Qaralov qeyd edib ki, bu məsələdən söhbət getmir: “Sadəcə əhaliyə tapşırıq verilib ki, orada yaşamasınlar. Hazırda oradakı evlər üçün təhlükə yoxdur. Əsas məsələ onların işlətdikləri suların yamaca axıdılmamasıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR