Azərbaycanda “Yeraz Nəriman” ləqəbli kriminal avtoritetin həbsdən buraxılmasına dair məhkəmə hökmü ləğv edilib - TƏFƏRRÜAT

Azərbaycanda “Yeraz Nəriman” ləqəbli kriminal avtoritetin həbsdən buraxılmasına dair məhkəmə hökmü ləğv edilib - <span style="color: red;">TƏFƏRRÜAT
# 27 dekabr 2012 11:48 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycanda məhkəmə hökmü ilə azadlığa buraxılan “Yeraz Nəriman” kimi tanınan kriminal avtoritet yenidən məhkum edilib. APA-nın məlumatına görə, bir müddət əvvəl Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən ölkədən qaçarkən sərhəddə tutulan Nəriman İbrahimovun işinə Bakı Apelyasiya Məhkəməsində baxılıb. Bakı Apelyasiya Məhkəməsi Nizami Rayon Məhkəməsinin N. İbrahimov barəsində cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında hökmünü ləğv edib. Bununla da, N. İbrahimovun qalan cəzasını çəkmək üçün yenidən həbsxanaya qaytarılıb.

Bundan başqa, hazırda N. İbrahimovla bağlı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində daha bir cinayət işinin istintaqı aparılır. Belə ki, bu ilin oktyabr ayında Bakının Qaraçuxur qəsəbəsində yerləşən “Yağmur” şadlıq evində kriminal aləmlə əlaqəsi olan bir qrup şəxsin toplantı keçirməsi barədə polisə əməliyyat məlumatı daxil olub. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi daxil olan məlumat əsasında sözügedən şadlıq evində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı kriminal aləmlə əlaqəsi olan xeyli avtoritet saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, saxlanılan avtoritetlər adıçəkilən şadlıq evində N. İbrahimovun azadlığa buraxılmasını qeyd etmək üçün toplanıblar. Onlar həmçinin bu toplantıda kriminal aləmlə bağlı geniş müzakirələr aparacaqmışlar. Polisin keçirdiyi əməliyyat avtoritetlərin planını pozub. Əməliyyat zamanı 30-dan çox kriminal avtoritet həbs edilib. N. İbrahimov və daha bir neçə avtoritet isə polisə müqavimət göstərərək hadisə yerindən qaçıblar. N. İbrahimov sərhəddə saxlanılıb.

Hadisədən dərhal sonra Ədliyyə Nazirliyi Penitensiar Xidməti N. İbrahimov necə azadlığa çıxmasını araşdırıb. Məlum olub ki, N. İbrahimovun vaxtından əvvəl azadlığa çıxmasında onun cəza çəkdiyi müəssisənin rəisinin xüsusi rolu olub. Belə ki, Nizami Rayon Məhkəməsi bu qərarı verərkən məhkumun cəza çəkdiyi 1 saylı Cəzaçəkmə Müəssisəsinin rəisinin “müsbət rəy”inə əsaslanıb. Araşdırmaların nəticəsi olaraq həmin müəssisəsinin rəisi tutduğu vəzifədən azad edilib.

Onu da qeyd edək ki, 1 saylı Cəzaçəkmə Müəssisəsi hələ “sovet” dövründən “Qara zon” hesab olunub. Azərbaycandakı bu müəssisə “oğru qanunları” ilə idarə olunan azsaylı həbsxanalardan sayılıb. Kriminal aləmin bir çox avtoritetləri - “Masallı Mamed”, “Yasamallı Yunis”, “Avto” ləqəbli gürcü avtoritet, “Nuruş” və digərləri bu Cəzaçəkmə Müəssisəsində cəza çəkiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR