Mədəniyyət və Turizm Nazirliyi İranın UNESCO-nun qərarına etirazına münasibət bildirib

Mədəniyyət və Turizm Nazirliyi İranın UNESCO-nun qərarına etirazına münasibət bildirib
# 13 dekabr 2012 13:47 (UTC +04:00)

Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Vasif Eyvazzadə APA-ya İran tərəfinin tarla bağlı istədiyi vaxt UNESCO-ya müraciət edə biləcəyini açıqlayıb: “Qeyri Maddi-Mədəni İrs üzrə Konvensiyanın şərtlərindən biri də ondan ibarətdir ki, əgər hər hansı bir mədəni elementi bir ölkə təqdim edirsə, bu element həmin ölkənin adından daxil olursa, həmin element və mədəni irsin daşıyıcıları digər ölkələrdə varsa, həmin ölkələr gələcəkdə UNESCO-ya bununla bağlı müraciət edə bilərlər. Təbii ki, ilk təqdim edən ölkə Azərbaycan olduğu üçün onlar bunu Azərbaycan tərəfi ilə müzakirə etməlidirlər. Bu hər bir ölkənin öz suveren hüququdur.

Azərbaycan tərəfi Azərbaycan tar ifaçılıq sənətini UNESCO-ya təqdim etməklə, həm beynəlxalq hüququn bütün normalarına, həm də Qeyri-Maddi Mədəni İrsin Qorunmasına dair Konvensiyanın bütün şərtlərinə riayət edib. Bu şərtlər daxilində xüsusi fayl hazırlanıb UNESCO-ya təqdim olunub. Təbii ki, bu, bir günlük deyil, bir illik aparılan bir işin nəticəsidir. Bu prosesdə Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitənin üzv ölkələrinin, eyni zamanda İran ekspertlərinin də təmsil olunduğu Məşvərət Şurasının iclasında bu qərar çıxarılıb”.

Vasif Eyvazzadə bildirib ki, Azərbaycan tərəfinin təqdim etdiyi fayllar, film və digər məlumatlar sırf Azərbaycanın beynəlxalq hüquq çərçivəsində tanınmış ərazisi daxilində göstərilən fəaliyyətlərlə bağlıdır: “Yəni burada hər hansı bir ölkəyə iddia göstərilmir. Faylın özündə də hətta qeyd olunub ki, tar sənəti - İran, Türkiyə, İraq kimi ölkələrdə var. Amma Azərbaycan tarı spesifik xüsusiyyətlərə malikdir”.

Şöbə müdiri əlavə edib ki, UNESCO-ya təqdim olunan hər bir sənəddə bütün beynəlxalq hüquq normaları, eyni zamanda Konvensiyanın şərtləri və UNESCO-nun təlimatları tam nəzərə alınır: “Bu məsələ ilə məşğul olan ekspertlər, digər rəsmi qurumlar məsələni anlayışla qəbul edib. Çünki bu məsələyə başqa cür yanaşmaq mümkün deyil. Biz bütün qayda və normalara riayət etmişik. Qaldı ki, bu gün İran tərəfinin mətbuatda qaldırdığı məsələyə, sözsüz ki, İran ictimaiyyəti bu məsələnin təfərrüatlarını, faylların şərtlərini bilmir. Onlar orada aparılan müzakirələrin mahiyyətinə bələd olmadıqları üçün müəyyən fikirlər səsləndirirlər. Bunu biz anlayışla qəbul edirik və gözləyirik ki, İranın rəsmi qurumları, bu işlə məşğul olan insanlar ictimaiyyətə məsələnin təfərrüatlarını izah etsinlər. Biz İranın rəsmi qurumlarına da təşəkkürümüzü bildirmək istərdik ki, onlar məsələni UNESCO şərtləri daxilində anlayışla qəbul ediblər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR