Vergilər Nazirliyində BVF-nin nümayəndəsi ilə görüş keçirilib

Vergilər Nazirliyində BVF-nin nümayəndəsi ilə görüş keçirilib
# 16 noyabr 2012 07:33 (UTC +04:00)

Bakı – APA-Economics. Vergilər Nazirliyində Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə yeni təyin olunmuş missiya rəhbəri Raca Almarzoqinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. «APA-Economics»in məlumatına görə, vergilər nazirinin birinci müavini Natiq Əmirov son dövrlərdə Azərbaycanın vergi sistemində aparılan islahatlar və bu sahədə əldə olunan uğurlar, BVF ilə yaradılmış işgüzar əlaqələr barədə qonaqlara məlumat verib.

Qeyd olunub ki, Azərbaycanda dayanıqlı, çevik, şəffaf və sabit bir vergi sisteminin qurulması, vergi qanunvericiliyi və inzibatçılığının daim təkmilləşdirilməsi, müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə, vergi daxilolmalarının həcminin nəzərəçarpacaq dərəcədə artmasına zəmin yaradıb.

R.Almarzoqi Azərbaycanda vergi inzibatçılığının təkmilləşdirilməsi, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi və nağdsız ödənişlərin stimullaşdırılması, vergitutma bazasının genişləndirilməsi və qeyri-neft sektorundan vergi daxilolmalarının artırılması istiqamətində Vergilər Nazirliyinin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirib.

Görüşdə Vergi Məcəlləsində aparılması nəzərdə tutulan dəyişikliklər, orta və iri sahibkarlığın stimullaşdırılması tədbirləri, cari ildə vergi daxilolmaları üzrə proqnozların icrası, qeyri-neft sektorundan vergi daxilolmalarının artırılması istiqamətində görülən tədbirlər, elektron audit layihəsinin tətbiqi və s. haqqında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR