Marneulidə Gürcüstan gənclər və idman nazirinin müavini ilə görüş keçirilib - FOTO

Marneulidə Gürcüstan gənclər və idman nazirinin müavini ilə görüş keçirilib   - <span style="color: red;">FOTO
# 11 dekabr 2012 13:57 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində fəaliyyət göstərən Məşğulluq Mərkəzində (USAID) Gürcüstan gənclər və idman nazirinin gənclərlə iş üzrə müavini Rati Breqadze və digər rəsmilərlə görüş keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə azərbaycanlı QHT rəhbərləri və gənc idmançılar, ictimaiyyət nümayəndələri, jurnalistlər iştirak edib.

Tədbiri Məşğulluq Mərkəzinin nümayəndəsi Zaur Darğallı açıb. Tədbirdə çıxış edən nazir müavini R.Breqadze bölgələrə səfərinin məqsədini açıqlayıb və QHT nümayəndələrini nazirliyin dəstəyi ilə 2013-cü ildə həyata keçiriləcək gənclərə aid yeni layihələrlə ətraflı tanış edib: “İdman sahəsində nə iqtidar, nə də müxalifət var. Dövlət idmanın inkişafına ciddi dəstək olmalı, bölgələrdə də bu sahədə olan mövcud çatışmazlıqları aradan qaldırmalıyıq. Əlbəttə, bu bir ilin işi deyil. Amma biz çox danışmaq yox, çox iş görmək istəyirik”.

Nazir müavini QHT nümayəndələrini maraqlandıran suallara cavab verib, problemlərin həllinə çalışacağını bildirib. O, nazirliyin həyata keçirəcəyi layihələrdə bölgələrdəki gənc QHT nümayəndələrindən təkliflər almağı, xüsusilə milli azlıqlardan, ictimaiyyət nümayəndələrindən kömək gözlədiyini və gənclərin bu layihələrdə fəal iştirakını gözlədiyini deyib.

Tədbirdə informasiya qıtlığı, kəndlərdə idmanın inkişaf perspektivləri və digər problemlər barədə nazir müavininə ətraflı məlumat verilib. Görüşdə nazirliyin gənclərlə iş üzrə departamentin sədri Nuqzar Kandelaki iştirak edib.

R.Breqadze APA-ya açıqlamasında bildirib ki, belə görüşləri digər rayonlarda da keçirməyi planlaşdırırlar: “Görüşlərdə dinlədiyimiz problemləri tənzimləsək, bölgələrdə idman sahəsində yüksək nailiyyətlər əldə edə bilərik. Hər bir Gürcüstan vətəndaşı bizim üçün qiymətlidir, gənclərin idmanla məşğul olması isə bizim əsas məqsədlərimizdən biridir. Belə görüşlərimiz davamlı olaraq keçiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR