«Şəfəq-Asiman» yatağında BP-nin ən müasir texnologiyası tətbiq oluna bilər

«Şəfəq-Asiman» yatağında BP-nin ən müasir texnologiyası tətbiq oluna bilər
# 23 noyabr 2012 15:08 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. “BP-Azərbaycan” şirkəti Xəzərin Azərbaycan sektorundakı “Şəfəq-Asiman” perspektiv yataqlarında aparılan tədqiqatların interpretasiyasını başa çatdırıb.

APA-Economics”in xəbərinə görə, bu barədə jurnalistlərə «BP-Azəprbaycan»ın geoloji-kəşfiyyat və qiymətləndirmə üzrə vitse-prezidenti Qreq Rayli bildirib.

Onun sözlərinə görə, bu layihə Xəzərin daha dərinsulu hissələrində - suyun 600 metrdən dərin hissələrində həyata keçiriləcək: «Bundan başqa, bu layihə çərçivəsində biz daha dərin laylarda və daha yüksək təzyiq olan şəraitdə işləməli olacağıq».

«Şəfəq-Asiman» yataqlarında tədqiqatların aparılması üçün ilk addım olaraq indiyədək ölkədən kənarda olan «Gilavar» seysmik gəmisi də Azərbaycana gətirilib və layihə ərazisində ilk 3 ölçülü seysmik tədqiqat aparılıb. Hazırda tədqiqat nəticəsində əldə olunmuş «Caspian Geophisical» şirkəti tərəfindən məlumatların öyrənilməsi prosesi gedir. Gələn il isə əldə olunmuş məlumatların təhlilin ikinci mərhələsi başa çatdırılacaq.

Hələlik ilkin məlumatlar əsasında yatağın ehtiyatları barədə ətraflı məlumat verməyin mümkün olmadığını bildirən Q.Rayli «onun daha çox qaz yatağı olacağını» hesab etdiyini deyib. Vitse-prezident bildirib ki, yataqda kəşfiyyat işlərinin aparılmasında tətbiq olunacaq texnologiyalarla bağlı BP və ARDNŞ arasında müzakirələr davam edir. O, yataqdakı kəşfiyyat işlərində BP-nin ən müasir xüsusi texnologiyası sayılan «20K» texnologiyasından istifadə ediləcəyini istisna etməyib. Adı çəkilən texnologiya daha dərin və yüksək təzyiqli laylarda işləməyə imkan verir: «Mən dəqiq deməzdim ki, yataqda məhz BP-nin bu texnologiyasından istifadə olunması lazımdır, amma onu deyə bilərəm ki, bundan sonra Xəzərin elə hissələrində işlər aparılacaq ki, onlar daha dərin və daha yüksək təzyiqli yerlərdir. Yəni bu hissələrdə işləyəndə BP-nin bu texnologiyalarından daha çox bəhrələnmək olar».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR