Türkiyə Böyük Millət Məclisinin sədr müavini: “Azərbaycanın mədəni inkişafı bizdən daha sürətlə gedir” - MÜSAHİBƏ

Türkiyə Böyük Millət Məclisinin sədr müavini: “Azərbaycanın mədəni inkişafı bizdən daha sürətlə gedir”   - <span style="color: red;">MÜSAHİBƏ
# 28 noyabr 2012 08:29 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Türkiyənin sabiq təhsil naziri və Böyük Millət Məclisi sədrinin müavini Mehmet Sağlam Azərbaycan jurnalistlərinin bir qrupuna verdiyi müsahibədə APA-nın suallarını da cavablandırıb.

- Fəaliyyətiniz daha çox təhsillə əlaqəli olduğundan, Azərbaycandakı təhsil sisteminin vəziyyətini dəyərləndirməyinizi istərdik.

- Açığını deyim ki, Azərbaycanın mədəni inkişafı bizdən daha sürətlə gedir. Azərbaycana hər səfərimdə teatrlara və digər incəsənət müəssisələrinə gedirəm. Azərbaycandan örnək götürərək Türkiyənin hər bölgəsində incəsənət məktəbləri açmaq təşəbbüsü qaldırdım. Təhsil bazanız güclüdür və bu istiqamətdə islahatları da yüksək qiymətləndirirəm. Mən ali məktəblərin idarəçiliyi ilə bağlı dövlət qurumunun rəhbəri işlədiyim dövrdə Azərbaycandan incəsənət sahəsində dərs verə biləcək müəllimləri Türkiyəyə dəvət etmişdik. Məhz Azərbaycandan olan müəllimlər Türkiyənin bu çatışmazlığını tamamladı.

- Bu gün Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan bölgəsində yüzlərlə mədəniyyət abidələri var ki, bu da həmin regionda türk-islam tarixinin mövcudluğunu sübuta yetirir. Ermənilər isə bu abidələri dağıdır və ya özününküləşdirməklə məşğul olur. Türkiyə parlamentinin buna öz münasibətini bildirmək niyyəti varmı?

- Türkiyə Böyük Millət Məclisində yeni bir komitə yaradılıb və bu qurumun rəhbəri də mənəm. Həmin komitə haqqında hələlik tam açıqlama vermək niyyətim yoxdur. Amma bunu demək istəyirəm ki, ermənilər 2015-ci ildə uydurma “erməni soyqırımı”nın ildönümünə çox ciddi hazırlıqlar görürlər. Biz də bu məsələ ilə əlaqədar bəzi addımlar atmaq istəyirik, o cümlədən də Azərbaycandakı vəziyyətlə bağlı. Ermənistanın əsassız iddialarına qarşı Azərbaycanda və Türkiyədə ermənilərin törətdiyi bütün əməllər açıqlanacaq.

- Ermənistan bölgəni təhlükə altında saxlayacaq addımlarından çəkinməyəcəyini bütün sahələrdə açıq şəkildə nümayiş etdirir. “Metsamor”da yerləşən Atom Elektrik Stansiyası da bunlardan biridir. Necə düşünürsünüz, bu stansiyanın fəaliyyətinin dayandırılması üçün Türkiyə hökuməti və parlamenti daha hansı addımları ata bilər? Təbii ki, Azərbaycan və regionun digər ölkələri ilə birlikdə...

- Türkiyə parlamenti Ermənistanda yerləşən AES-in mövcud vəziyyətindən məlumatlıdır və bu stansiyanın təhlükə dərəcəsini də bilir. Bu proses daha çox diplomatik səviyyədə aparılır. Hər bir halda Türkiyə parlamenti həm regionun, həm də qardaş Azərbaycanın maraqlarını bütün sahələrdə nəzərə alır. Bu günə qədər parlamentin verdiyi bütün qərarlar bu şəkildə verilir.

- Böyük Millət Məclisində Xocalıda törədilən qətliamın soyqırım kimi qəbul olunmasının qarşısını alan hansı məqam var və bu məsələnin nə zaman həlli gözlənilir?

- Bu məsələ ilə bağlı Türkiyə parlamentində, hətta müxalifət və iqtidar arasında heç bir fikir ayrılığı yoxdur. Bu soyqırımı pisləyən çıxışlar olur. Türkiyə parlamenti və hökumətində bu məsələdə fikir ayrılığı yoxdur. Biz əməlimizlə soyqırımın baş verdiyini açıqlayırıq. Zamanı gəlincə Azərbaycanın maraqlarına uyğun qərar qəbul olunacaq. Ancaq buna qədər parlamentdə hər il soyqırım günü anım mərasimləri keçirilir. Türkiyə parlamenti hər zaman Azərbaycanın maraqlarını nəzərə alaraq qərarlar verir və bu günə qədər bütün qərarlar bu cür olub. Təbii ki, Xarici İşlər Nazirliyinin və hökumətin siyasəti əsasdır və onlar da bu günə qədər Ermənistan-Azərbaycan münasibətlərində hər zaman Azərbaycanın maraqlarını parlamentdə izah edirlər və biz onu qəbul edirik. Yəni bunun xaricində bir fikir yürüdən olmur və Türkiyə parlamentində belə bir fikrin müəllifi olacaq heç kəs yoxdur.

- 2013-cü ildə Azərbaycanda prezident seçkiləri keçiriləcək. Artıq bununla bağlı Azərbaycana qarşı bir sıra ölkələrdən təzyiq xarakterli addımlar atılır. Türkiyənin və ən əsası parlamentin bu məsələ ilə bağlı mövqeyi necədir?

- Biz Azərbaycan xalqı nəyi düşünürsə və nəyə qərar verəcəksə, onu dəstəkləyəcəyik. Müşahidələrimizə görə, son 5-6 ildə Azərbaycanın inkişaf prosesi çox yaxşı gedir. Yəni bu inkişafı yaradan mühiti pozmağa yönələn hər hansı addımın atılmasının mənası yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR