Azərbaycan Beynəlxalq Telekommunikasiya üzrə Ümumdünya Konfransında iştirak edir

Azərbaycan Beynəlxalq Telekommunikasiya üzrə Ümumdünya Konfransında iştirak edir
# 03 dekabr 2012 15:17 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə bu gün rəsmi açılış mərasimi ilə Dubayda (Birləşmiş Ərəb Əmirlikləri) 263 üzv ölkədən 2 minə yaxın nümayəndənin iştirak etdiyi Beynəlxalq Telekommunikasiya üzrə Ümumdünya Konfransı (WCIT-12) işə başlayıb.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, iki həftə davam edəcək tədbirdə 1988-ci ilə Melburnda (Avstraliya) qəbul edilmiş Telekommunikasiya üzrə Beynəlxalq Reqlamentinə yenidən baxılacağı, əlavə və düzəlişlər olunacağı nəzərdə tutulur. Konfransın əsas məqsədi sürətli dinamika ilə inkişaf edən telekommunikasiya və informasiya texnologiyaları üzrə BTİ üzv dövlətlərinin, eləcə də özəl sektor nümayəndələri, qeyri-hökumət təşkilatları və akademiya üzvlərinin təkliflərini bir araya gətirərək reqlamentin yeni mətnini formalaşdırmaqdır.

Konfrans zamanı genişzolaqlı xidmətlərin tətbiqi, bu sahəyə daha çox investisiyaların cəlb olunması, qlobal internet idarəçiliyinin modelinin müəyyən olunması, kibertəhlükəsizlik üzrə vahid istiqamətin formalaşması, rouminq xidmətlərində şəffaflığın təmin olunması və bu kimi digər sahələr üzrə fikir mübadiləsi aparılacaq və reqlamentin yeni layihəsi qəbul olunacaq.

Sözügedən tədbirdə Azərbaycanı ölkənin rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Tədbirin ikinci həftəsində Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovunda tədbirə qatılacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR