Bakıda Beynəlxalq Atçılıq Federasiyasının Baş Assambleyasının büro iclası keçirilir

Bakıda Beynəlxalq Atçılıq Federasiyasının Baş Assambleyasının büro iclası keçirilir
# 13 dekabr 2014 13:04 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - Bakıda Beynəlxalq Atçılıq Federasiyasının (BAF) Baş Assambleyasının büro iclası keçirilir.

Azərbaycan Atçılıq Federasiyasından APA-ya verilən məlumata görə, BAF Baş Assambleyasının Bakıda dekabrın 14-dək davam edəcək büro iclasında atçılığın inkişafı məsələləri, eləcə də təşkilati məsələlər müzakirə olunur.

İclasda BAF-ın 350-dən çox nümayəndəsi və 110 ölkədən fəxri qonaq iştirak edir.

Tədbirdə iştirak edən BAF-ın prezidenti, İordaniya şahzadəsi Həyya Bint əl-Hüseyn Azərbaycana ilk dəfə dörd il əvvəl səfəri çərçivəsində prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə görüşdüyünü xatırladıb. O, idmana göstərdikləri dəstəyə görə ölkə prezidenti İlham Əliyevə və Mehriban Əliyevaya təşəkkürünü bildirib və Baş Assambleyanın iclasının uğurlu təşkilinə görə Azərbaycan Atçılıq Federasiyasını təbrik edib.

Şahzadə Azərbaycanda at yarışlarının qədim tarixi olduğunu və hazırda da bu ənənənin davam etdiyini və çaparların yarışının təşkil edildiyini deyib.

Büro iclası dekabrın 14-ə ilin ən yaxşı idmançısı, məşqçisi, mehtəri, komandanı, gənc idmançısı kimi nominasiyalar üzrə təltifetmə mərasimi ilə başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR