Nazir müavini: Vergi daxilomalarının üçdə biri inzibati tədbirlərdən sonra büdcəyə daxil olur

Nazir müavini: Vergi daxilomalarının üçdə biri inzibati tədbirlərdən sonra büdcəyə daxil olur
# 12 dekabr 2014 14:58 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda vergi daxilomalarının üçdə biri müvafiq inzibati tədbirlər görüldükdən sonra büdcəyə daxil olur.

Bunu “APA-Economics”ə müsahibəsində vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Nazir müavini bildirib ki, dünyanın hər bir yerində olduğu kimi Azərbaycanda da vergidən yayınma halları var.

S. Ələkbərov qeyd edib ki, nazirlik vergi borclarının azaldılması istiqamətində çox ciddi tədbirlər görür. Onun sözlərinə görə, məhz bunun nəticəsidir ki, son illər həm vergi borclarının ümumi məbləğində, həm də vergi borcu olan vətəndaşların sayında xeyli müsbət dəyişikliklər baş verib.

Nazir müavini inzibati tədbirlərdən daha çox maarifləndirici tədbirlərə üstünlük verildiyini söyləyib: “Bu sahədə bütün dünya təcrübəsini biz öyrənmişik. Azərbaycanda vergi ödəməyənlərə qarşı ən loyal inzibatçılıq mövcuddur. Biz hələlik o qədər də böyük vergi təcrübəsi olmayan bir ölkəyik. İnsanlar bunu bilməlidir ki, gərək heç kəsin borcu olmasın. Dövlət büdcəsinə borc xoşagəlməyən bir haldır. Biz öz inzibati tədbirlərimizi də görürük. Amma maarifləndirici tədbirlərə daha çox üstünlük veririk. Biz çalışırıq ki, insanlarımız maariflənsinlər, öyrənsinlər. Amma müəyyən vaxtdan sonra biz də yəqin ki, daha ciddi tədbirlərə əl atacağıq. Vergi borcunu vaxtında ödəməyənlərə qarşı müvafiq tədbirlər görülür, onların əmlakı siyahıya alınır, son zamanlar onların xaricə getmək hüququ, ölkədən çıxmaq hüququ məhdudlaşdırılır. Digər inzibati cəza tədbirləri də görüləcək. Amma biz istəmirik. Biz istərdik ki, könüllü ödəmələrin səviyyəsi yüksək olsun ki, heç kəs bundan nə inciməsin, nə də narahat olmasın. Amma bir şey aydındır ki, vergiləri ödəmək lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR