Avropa və Asiya qitələrinin sərhədinin Azərbaycandan keçməsi ilə bağlı təkliflər müvafiq qurumlara göndəriləcək

Avropa və Asiya qitələrinin sərhədinin Azərbaycandan keçməsi ilə bağlı təkliflər müvafiq qurumlara göndəriləcək
# 17 dekabr 2014 08:55 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Avropa və Asiya qitələrinin sərhədi Azərbaycandan keçməsi ilə bağlı tədbirlərin görülməsi üçün Nazirlər Kabineti və müvafiq qurumlara müraciət edilib.

APA-nın xəbərinə görə, bu barədə qərar Coğrafiya İnstitutunun təşkilatçılığı ilə “Avropa və Asiya qitələrinin sərhədi Azərbaycandan keçir” mövzusunda keçirilən elmi konfransda qəbul edilib.

Konfransın davamında baş nazirin müavininin məktubu və qitələrin bölünmə əsaslarını nəzərə alaraq qərara gəlinib ki, Avropa və Asiya qitələrinin sərhədinin Qafqaz bölgəsində Kuma-Manıç çökəkliyindən deyil, Baş Qafqaz sıra dağlarının suayrıcı xətti ilə Azərbaycandan keçməsi elmi əsaslara söykənən daha doğru variant hesab edilsin, Avropa və Asiya qitələrinin sərhədinin Azərbaycan ərazisindən, xüsusilə Abşeron yarımadasından keçən hissəsi yer səthində sahə mütəxəssislərin iştirakı ilə dəqiqləşdirilsin və xəritəyə köçürülsün, AMEA Coğrafiya İnstitutu adından Beynəlxalq Coğrafiya İttifaqına Avropa və Asiya qitələrinin sərhədinə dair həmin ittifaqın 1964-cü ildə Londonda keçirilmiş XX konfransında qəbul olunan qərarında düzəliş olunması üçün müraciət edilsin, Avropa və Asiya qitələrinin sərhədinin Qafqaz və Azərbaycan ərazisindən keçən hissəsinin coğrafiya dərsliklərində və müxtəlif təyinatlı xəritələrdə düzəlişlər edilməsinə dair Təhsil Nazirliyinə və müvafiq təşkilatlara tövsiyələr verilsin, Avropa və Asiya qitələrinin sərhədinin Azərbaycan ərazisindən keçməsinin əyani sübutu kimi, həm də ilk Avropa Oyunlarının 2015-ci il iyun ayında Bakıda keçiriləcəyini nəzərə alaraq Abşeron yarımadasında, sərhəd xəttinin Bakı-Sumqayıt magistral xətti kəsişmə nöqtəsində arka-qapı kompleksinin tikilməsi məqsədəuyğun sayılsın və bu barədə Azərbaycanın Nazirlər Kabinetinə müraciət edilsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR