Azərbaycanda ünvan reyestrinin aparılmasının hüquqi əsasları müəyyənləşdirilib

Azərbaycanda ünvan reyestrinin aparılmasının hüquqi əsasları müəyyənləşdirilib
# 07 noyabr 2013 12:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda Ünvan Reyestrinin İnformasiya Sisteminin tərtibi və aparılmasının hüquqi əsasları müəyyənləşdirilib.

Əmlak Məsələlər Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu məqsədlə, Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında əsasnamə təsdiqlənib. Bu sənəd Ünvan Reyestri İnformasiya Sisteminin (ÜRİS) fəaliyyətinin təşkilinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir. ÜRİS-in operatoru Əmlak Məsələləri Dövlət Komitəsidir.

Əsasnaməyə görə, ÜRİS ilə digər dövlət orqanlarının informasiya sistemləri də inteqrasiya olunacaq. Həmin sistemlərin dairəsi Nazirlər Kabineti tərəfindən müəyyən edilib. Dövlət qurumları (istifadəçilər) ünvan məlumatlarını ÜRİS-in mərkəzi paylayıcı serverindən dövlət informasiya-kommunikasiya xətləri və ya internet xidmətləri vasitəsilə əldə edəcəklər.

Sənədə əsasən, daşınmaz əmlak obyektinin ünvanı sistemə daxil edilərkən bir sıra prinsiplərə cavab verməlidir. Bu, birqiymətlilik (daşınmaz əmlak obyektinin ancaq bir rəsmi ünvanının və onun bir yazılış formasının olması), unikallıq (eyni bir inzibati ərazi vahidində iki müxtəlif daşınmaz əmlak obyektinin eyni ünvana malik olmaması) və səhihlikdir (daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi, dəyişdirilməsi, qorunub saxlanılması və ləğv edilməsi ilə bağlı rəsmi qaydalara əməl edilməsi).

ÜRİS-in məlumatların daxil edilməsi və həmin məlumatlardan istifadə mexanizmi texniki reqlamentə uyğun olaraq yerinə yetirilir. Təsdiqlənmiş ünvanlar ÜRİS-də açıq elan olunur. Əsasnaməyə görə, ÜRİS-in istismarı, inkişafı və təhlükəsizliyinin təşkili, göstərilən sahələrdə nəzarət və idarələrarası qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi bu sistemin operatoru tərəfindən həyata keçirilir. Operator digər fəaliyyətlərlə yanaşı, ÜRİS üçün internet portalın yaradılması, portal vasitəsilə dövlət orqanlarına, bələdiyyələrə, fiziki və hüquqi şəxslərə elektron xidmətlərin göstərilməsi və bu portalda ünvanlaşdırma sahəsində yeniliklər haqqında məlumatların yerləşdirilməsini təmin edir.

Ünvan Reyestrinin yaradılması nəticəsində istənilən şəxs, istənilən vaxt, istənilən ünvanı asanlıqla tapa biləcək. Eləcə də, istənilən şəxs milli ünvan reyestri portalına daxil olaraq orada istənilən ünvan barədə dəqiq koordinatları və istiqamətverici digər məlumatları əldə edəcək. Yeni sistem ünvanların tapılması üçün naviqasiya cihazlarından istifadəni təmin edəcək. Bu portal yaxın aylarda işə düşəcək.

Qeyd edək ki, bir qədər əvvəl ölkədə yeni ünvanvermə qaydaları da qüvvəyə minib. Yeni ünvanvermə qaydaları ünvanların binalara yox, onların girişlərinə verilməsini nəzərdə tutur. Yeni qaydalara əsasən, binanın hər bir girişinə ayrıca ünvan verilir, daha sadə desək, bir binanın bir neçə ünvanı ola bilər. Bu, Avropa standartlarına və qabaqcıl dünya təcrübəsinə cavab verməklə yanaşı, ünvan axtarışı üçün vaxtı minimuma endirir. Bundan başqa, ünvan məlumatları daha təfərrüatlı olacaq. Belə ki, hər bir girişdəki mənzillərin nömrələri ayrıca göstəriləcək. Ünvan məlumatlarında mənzilin hansı mərtəbədə yerləşməsi də göstəriləcək. Bu da ünvanın tapılmasını asanlaşdıracaq.

Yeni qaydaların gətirdiyi ən mühüm dəyişikliklərdən biri küçə və prospektlərin kodlaşdırılması olacaq. Yəni küçələrin adları ilə yanaşı, xüsusi kodları da olacaq. Yəni küçəyə adla yanaşı, nömrə və ya kod da veriləcək. Sənədlərdə də küçə və prospektin adı ilə yanaşı, onun kodlaşmış nömrəsi də göstəriləcək. Küçənin adı dəyişəndə bu kod dəyişməyəcək.

Vətəndaşlar köhnə ünvanların yeniləri ilə əvəz olunması üçün heç bir orqana müraciət etməli olmayacaqlar. Bu işlər Ünvan Reyestri tərəfindən həyata keçiriləcək, vətəndaşlara isə yeni ünvanların verilməsi haqqında bildirişlər göndəriləcək. Yeni tikiləcək binaların ünvan almasına gəlincə, buradakı mənzillərə ünvanların verilməsi üçün vətəndaşlar ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ərazi idarələrinə müraciət edəcək və indiyədək olduğu kimi dövlət rüsumu ödəməklə ünvan alacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR