Etirazçılar Kiyevin Qruşevski küçəsindəki barrikadaları sökməyə başlayıblar

Etirazçılar  Kiyevin Qruşevski küçəsindəki barrikadaları sökməyə başlayıblar
# 16 fevral 2014 01:30 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, hazırda minədək etirazçı yolun “Dinamo” stadionu və Avropa meydanı tərəfə baxan hissəsində barrikadaları sökür. Məlumata görə, barrikadaların qurulmasında istifadə edilmiş qumla doldurulmuş kisələrin daşınmasına ağır texnika cəlb olunub.

Etirazçıların sözlərinə görə, barrikadalar tam sökülmür, sadəcə, nəqliyyatın hərəkətinə şərait yaratmaq məqsədilə onların yeri dəyişdirilərək, yolun kənarına çəkilir. “Nəqliyyatın hərəkətini təmin etmək üçün yolda 4 metr enində keçid yaradılır. Qumla doldurulmuş kisələr hələlik burada qalacaq. Biz Qruşevski küçəsində hərəkəti bərpa edəcəyimizə söz vermişdik, və sözümüzün üstündə durduq”, deyə etirazçıların nümayəndəsi bildirib.

Etirazçıların, həmçinin, Kiyev şəhər administrasiyasının binasının boşaldılmasına hazırlaşdığı bildirilir. “Düşünürük ki, bazar gününədək bina tam boşaldılacaq”, deyə müxalifət nümayəndəsi, politoloq İqor Jdanov bildirib. Onun sözlərinə görə, Kiyev şəhər administrasiyasının binasında olan insanlar Həmkar İttifaqı Evi, “Oktyabrski” Sarayı və Ukrayna Evinə keçəcək. İqor Jdanov qeyd edib ki, binanın meriya işçilərinə təhvil vermə prosesi Avropa Birliyinin Ukraynadakı nümayəndələrinin iştirakı ilə həyata keçiriləcək.

Qeyd edək ki, müxalif “Batkivşina” fraksiyasından olan deputat Sergey Sobolev fevralın 14-də bildirib ki, yanvar hadisələri ilə bağlı həbs olunan etirazçıların üzərindən həbs- qətimkan tədbirinin götürülməsinə cavab olaraq müxalifət Kiyev şəhər administrasiyasının binasını boşaltmağa və Qruşevski küçəsində hərəkəti bərpa etməyə hazırdır.

Bu arada milliyyətçi “Azadlıq” partiyasının mətbuat katibi Taras Kosivski jurnalistlərə bildirib ki, Ukrayna müxalifəti inzibati binaların boşaldılması məsələsinə baxılması üçün fevralın 16-da Kiyevin Müstəqillik meydanında “xalq yığıncağı” keçirəcək: “Qərar fevralın 16-da keçiriləcək “xalq yığıncağı”nda veriləcək”.

Hazırda Ukraynada hakimiyyət orqanların 6 inzibati binası etirazçıların nəzarəti altında qalmaqdadır. Bütün inzibati binaların və yolların boşaldılmasına ayrılan müddət fevralın 17-də bitir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR