Azərbaycan baş nazirinin müavini Avropaya təbliğat turuna çıxan BAKI-HOG hərəkatının üzvlərini qəbul edib

Azərbaycan baş nazirinin müavini Avropaya təbliğat turuna çıxan BAKI-HOG  hərəkatının üzvlərini qəbul edib
# 23 iyun 2014 09:43 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu gün baş nazirin müavini, Yeni Azərbaycan Partiyası icra katibi-sədr müavini Əli Əhmədov ANS Şirkətlər Qrupunun təşəbbüsü ilə 15 İyun Milli Qurtuluş günü ərəfəsində Avropaya təbliğat turuna çıxan BAKI-HOG hərəkatının üzvlərini qəbul edib.


APA-nın verdiyi məlumata görə, Ə. Əhmədov deyib ki, Milli Qurtuluş Günü ilə bağlı keçirilən yürüş çox mühüm aksiyadır.

Yürüş zamanı zədə alanların olduğunu deyən Ə. Əhmədovun sözlərinə görə, bu, aksiya həm də şəxsi sücaət olduğunu göstərir: “Siz yola çıxmazdan əvvəl bu çətinliklərlə üzləşəcəyinizi bilirdiniz və Heydər Əliyevin xidmətləri ilə bağlı bu yolda çətinliklərə sinə gərməyə qərar vermisiniz. Bunun həm siyasi, həm ideoloji, həm şəxsi sücaət baxımından böyük qiyməti var”.

Ə. Əhmədov yürüş iştirakçılarının bir daha Milli Qurtuluş Gününün mahiyyətini, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərini bütün dünyaya çatdırdıqlarını vurğulayıb. O qeyd edib ki, bu gün Azərbaycan dünyanın ən uğurlu dövlətlərindən biridir və bu uğurların əsası Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycana qaydışı ilə bağlıdır: “Azərbaycanı dünyada tanıyırlar və hörmət edirlər. Bunun əsasında Qurtuluş məfkurəsi dayanır. Prezident İlham Əliyev də bu siyasəti həyata keçirir. Azərbaycan xalqı xoşhbəxtdir ki, belə bir məmləkətdə yaşayır”.

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev isə məqsədlərinin Azərbaycanı tanıtmaq olduğunu bildirib: “Gördük ki, Avropada Azərbaycanı tanıyırlar. Biz sadəcə əlavə məlumat verdik. Motoyürüş Serbiyada Heydər Əliyevin abidəsinin ziyarəti ilə başa çatıb. Biz müharibə şəraitində daha böyük məsafələri qət etməyə hazırıq”.

Görüşün sonunda Ə. Əhmədov tərəfindən motoyürüş iştirakçılarına Heydər Əliyevin həyatı və fəaliyyətindən bəhs edən kitab bağışlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR