Afinada Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun toplantısı keçiriləcək

Afinada Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun toplantısı keçiriləcək
# 18 fevral 2014 13:32 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq məqsədilə Afinada növbəti görüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Yunanıstanın sabiq xarici işlər naziri, millət vəkili və Avropa Şurasının Siyasi məsələlər və Demokratiya Komitəsinin sədri xanım Dora Bakoyannis Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təmsilçisi ilə görüş zamanı müştərək regional və beynəlxalq dəyərlərin, maraqların təbliğ edilməsinin vacibliyini vurğulayıb.

Azərbaycanın daim Şərqlə Qərbi birləşdirən körpü rolunu oynadığını deyən sabiq nazir qeyd edib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu əhəmiyyətli rolun möhkəmləndirilməsi və təbliği istiqamətində vacib rola malik ola bilər. “Artıq təxirəsalınmaz işlərin həyata keçirilməsinin tam vaxtıdır. Bu dünya qarşılıqlı əlaqəyə əsaslanır və bu dəyərlərin təbliği, qorunması üzərində işləməliyik”.

D. Bakoyannis Azərbaycan-Yunanınstan münasibətlərinə də toxunub. O qeyd edib ki, Afinada Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun planlaşdırılan toplantısı Yunanıstan və Azərbaycan arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməsinə, enerji resursları, o cümlədən beynəlxalq əhəmiyyət kəsb edən mədəniyyətlərarası dialoq və digər humanitar sahələrdə birgə fəaliyyətin inkişafına təkan verəcək.

Qeyd edək ki, 19-21 fevral tarixində Afinada keçiriləcək II Ali Hazırlıq Toplantısında Latviyanın sabiq prezidenti, Madrid Klubunun prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vaira Vike-Frayberqa, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin, Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov, Rumıniyanın sabiq prezidenti Emil Konstantinesku və digər tanınmış beynəlxalq liderlərin iştirakı planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR