Azərbaycanla Rusiya sərnişindaşıma zamanı sərhəddə vaxt itkisini aradan qaldırır

Azərbaycanla Rusiya sərnişindaşıma zamanı sərhəddə vaxt itkisini aradan qaldırır
# 24 iyun 2014 12:33 (UTC +04:00)

Qəbələ. Aqşin Rafiqoğlu APA-Economics. Azərbaycan və Rusiya iki ölkə arasında nəqliyyat sahəsində olan problemləri bilir və bunları həll etməyə çalışır.

Bunu bu gün keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumunun yekununda Rusiyanın nəqliyyat nazirinin müavini Sergey Aristov bildirib.

Onun sözlərinə görə, nəqliyyat daşımaları, istər dəmir yolunda, istərsə də avtomobil nəqliyyatı sahəsində iki ölkə arasında olduqca stabildir. O bildirib ki, yalnız bu il iki ölkə arasında nəqliyyatda 22 min sərnişin və 250 min ton yük daşınıb. “Azərbaycan və Rusiya arasında sərnişin daşımasında mövcud olan problemlərdən biri də sərnişindaşımada olan sərhəd keçidində vaxt itkiləridir. Sərhədi keçən sərnişinlər hər sərhəddə 2 saat itirməli olur. Biz görüşlər keçirmişik və bu vaxt itkisinin qismən aradan qaldırılmasına nail olunacaq”, - deyə o qeyd edib.

S. Aristov deyib ki, aviasiya sərnişindaşımasında vəziyyət daha yaxşıdır: “Bu gün iki ölkə arasında xeyli sayda sərnişin xətləri var. Biz Bakı-Astraxan aviareysini bərpa etmək niyyətindəyik. AZAL nə vaxt buna hazır olacaqsa, biz bunu həyata keçirməyə hazırıq. Çünki Astraxan vilayətinin rəhbərliyi bunda olduqca maraqlıdır”.

O qeyd edib ki, forumda Azərbaycan gəmilərinin Rusiya sularından keçməsi üçün vəziyyətin sadələşdirilməsi məsələsi də müzakirə olunub: “Biz bununla bağlı daxili sularda istifadənin sadələşdirilməsi ilə bağlı layihələr və proqram hazırlayırıq”.

Həmçinin nazir müavini deyib ki, Rusiya tərəfi olaraq iki ölkənin nəqliyyat əlaqələrinin genişləndirilməsində heç bir problem və çətinliklər görmür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR