MM-in deputatı üzv olduğu komitənin hazırladığı qanun layihəsinin əleyhinədir

MM-in deputatı üzv olduğu komitənin hazırladığı qanun layihəsinin əleyhinədir
# 24 mart 2014 16:03 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov üzv olduğu komitənin hazırladığı uşaq hüququ ilə bağlı yeni qanun layihəsinin hazırkı dövrdə qəbulunun əleyhinədir.

Rafael Cəbrayılov APA-ya açıqlamasında bildirib ki, komitənin hazırladığı “Yuvenal ədliyyə haqqında” qanunun hazırda qəbuluna gərək yoxdur.

Onsuz da Azərbaycanda uşaq hüququnun müdafiəsi ilə, cinayət törətmiş uşaqlarla bağlı kifayət qədər qanunvericilik bazasının olduğunu və bunun ayrı-ayrı müvafiq qanunlarda əksini tapdığını deyən R. Cəbrayılov bildirib ki, sadəcə, bunları işlək vəziyyətə gətirmək lazımdır: “Bütün bunlar bizim hazırkı qanunvericilikdə kifayət qədər tənzimlənib, elə bir boşluq yoxdur. Sadəcə, bunun tətbiqi ilə bağlı nəsə etmək lazımdır. Düşünmürəm ki, bu gün yuvenal ədliyyə ilə bağlı Azərbaycanda fundamental problem var. Buna görə də indi bu qanuna heç bir gərək yoxdur”.

Qeyd edək ki, “Yuvenal ədliyyə haqqında” qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən hazırlanıb və yaxın zamanda müzakirəyə çıxarılacağı bildirilir. Qanunda uşaq hüquqlarının müdafiəsi, cinayət törətmiş uşaqların islahı ilə bağlı bir sıra yeni müddəalar var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR