Bakı Slavyan Universitetinin yeni rektoru kollektivə təqdim olunub

Bakı Slavyan Universitetinin yeni rektoru kollektivə təqdim olunub
# 18 mart 2014 09:22 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Slavyan Universitetinin (BSU) rektoru vəzifəsinə təyin olunmuş Asif Hacıyev təhsil müəssisəsinin kollektivinə təqdim olunub. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov A. Hacıyevi yeni təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Nazir prezident tərəfindən təhsil sahəsində qarşıya qoyulmuş tələblərin milli şüurun və vətəndaşlıq mövqeyinin inkişafından, peşəkar biliklərin verilməsi və rəqabətə davamlı kadr hazırlığından ibarət olduğunu bildirib. Bu baxımdan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın mühüm rolunu vurğulayan M. Cabbarov BSU-nun zəngin ənənələrə malik olduğunu qeyd edib: “Sevindirici haldır ki, Təhsil Nazirliyinin pedaqoji ixtisaslar üzrə kadr hazırlayan universitetlərin tələbələri arasında keçirdiyi müsabiqədə bu ali məktəbin təmsilçiləri dördüncü yerdə qərarlaşıb. Statistik məlumata görə, BSU məzunlarının 51 faizi hazırda müəllim kimi çalışır”.

BSU-nun yeni rektoru A. Hacıyev ona göstərilən etimada görə ölkə prezidentinə minnətdarlığını bildirib. A. Hacıyev BSU-da formalaşmış sağlam ənənələri davam etdirəcəyini söyləyib.

BSU-nun keçmiş rektoru, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri K. Abdullayev isə yeni təyin olunmuş rektorun universitetin kollektivi arasından seçilməsinin ümumilikdə ali məktəb kollektivinə etimad kimi qəbul edildiyini vurğulayıb. K. Abdullayev ali məktəbdə həyata keçirilən layihələrin bundan sonra da uğurla davam edəcəyinə əmin olduğunu nəzərə çatdırıb.


Təqdimat mərasiminə yekun vuran təhsil naziri Mikayıl Cabbarov bəyan edib ki, ali məktəblərin maliyyə resurslarının optimallaşdırılması, dövlət tərəfindən sistemli və məqsədyönlü mexanizmlərin hazırlanması olduqca mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan xüsusilə də pedaqoji ixtisasları seçmiş tələbələrin təşviq olunması ali təhsildə yeni yanaşmaların əsas tərkib hissələrindən biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR