Azərbaycan Hannoverdə keçiriləcək beynəlxalq İT sərgisində iştirak edəcək

Azərbaycan Hannoverdə keçiriləcək beynəlxalq İT sərgisində iştirak edəcək
# 20 fevral 2014 11:17 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycan «CeBIT-2014» informasiya texnologiyaları üzrə beynəlxalq sərgidə mili stendi ilə iştirak edəcək.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, nazir müavini Elmir Vəlizadənin başçılıq etdiyi geniş nümayəndə heyəti ilə iştirak edəcəyi sərgi martın 10-14-də Hannover şəhərində (Almaniya) keçiriləcək. Milli pavilyonda Azərbaycanın İT şirkətlərinin nailiyyətləri və ölkədə İKT sahəsində həyata keçirilmiş iri layihələr nümayiş ediləcək.

Qeyd edək ki, Hannoverdə 1986-cı ildən etibarən keçirilən sərgi bu il 8 istiqamət üzrə bölünəcək. Bu, müəssisələrin resurslarının planlaşdırılması və məlumatların analizi, korporativ kontentin idarə edilməsi, veb və mobil həllər, İT xidmətləri, təhlükəsizlik, kommunikasiyalar və şəbəkələr, infrastruktur və məlumatların emalı mərkəzləri, həmçinin araşdırmalar və innovasiyalardır.

Sərgi İT infrastrukturu və biznesin istiqamətləri, kommunikasiyalar, telematika, naviqasiya, nəqliyyat və logistika, ictimai istehlak sektoru, internet və mobil rabitə vasitələri sahəsində yeniliklər və maliyyə, istehlakçılar üçün elektronika və s. seksiyalar üzrə keçiriləcək.

Bununla yanaşı, «CeBIT»ə telefonla məsləhətləşmə prinsipi (TeleHealth, Green IT və Mobility) əsasında fəaliyyət göstərən tibbi yardım seksiyası daxildir. Sərgidə eyni zamanda, dizayn, xidmət və konsaltinq sahələrində innovasiyalar və yeni təlim texnologiyaları mövzuları işıqlandırılacaq.

«CeBIT Global Conferences» xüsusi konfrans proqramı bu il genişləndirilib, bir çox ölkələrin nümayəndələri və spikerlər konfrans üçün məruzələr hazırlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR