Bakıda beynəlxalq təşkilat rəhbərlərinin toplantısı keçiriləcək

Bakıda beynəlxalq təşkilat rəhbərlərinin toplantısı keçiriləcək
# 22 aprel 2014 11:28 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Dünyanı narahat edən problemlər və onların həll yolları aprelin 30-da Bakıda bir sıra beynəlxalq təşkilatların rəhbərlərinin toplantısında müzakirə ediləcək. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Dünya Elm və İncəsənət Akademiyasının təşkilatçılığı ilə “İnsan potensialının inkişafı sahəsində yeni paradiqma” adı altında konsorsium tərəfdaşları üçün keçiriləcək hazırlıq toplantısında Madrid Klubu, Roma Klubu, İsgəndəriyyə Kitabxanası, Beynəlxalq Yaşıl Xaç Cəmiyyəti, Ümumdünya Gələcək Fondu, Mədəni Diplomatiya Akademiyası kimi təşkilatların rəhbərləri iştirak edəcək.

Hazırlıq toplantısının məqsədi, bəşəriyyətin qarşılaşdığı əsas problemlərin həlli üçün yeni paradiqmanın hazırlanması, bərabər inkişaf, iqtisadiyyat, ekologiya, dövlətçilik, beynəlxalq hüquq, sülh, təhlükəsizlik kimi anlayışları əhatə edən əməkdaşlıqda maraqlı olan həmfikir təşkilatları bir araya toplamaqdır. Toplantıda bu istiqamətdə aparılacaq tədqiqatlar üçün yanaşma və məqsədlər, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlıq çərçivəsində bu ilin noyabrında Bakıda keçiriləcək böyük beynəlxalq konfransın gündəliyi, atılacaq addımlar müəyyənləşdiriləcək, digər potensial tərəfdaşların tanınması kimi məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, toplantı Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən II Qlobal Müştərək Cəmiyyətlər Forumu çərçivəsində baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR