İran neft-qaz sektorunun inkişafına 14 mlrd. dollar vəsait ayıracaq

İran neft-qaz sektorunun inkişafına 14 mlrd. dollar vəsait ayıracaq
# 04 iyul 2012 10:28 (UTC +04:00)
Bakı – APA-Economics. İran Avropa Birliyi və ABŞ tərəfindən tətbiq olunan embarqonun mənfi nəticələrini aradan qaldırmaq üçün neft-qaz sektorunun inkişafına 14 mlrd. dollar vəsait ayıracaq.

APA-Economics”in İran KİV-nə istinadən xəbərinə görə, bunu ölkənin neft naziri Rüstəm Qasemi bildirib.

Onun sözlərinə görə, vəsait İranın Milli İnkişafı Fondundan ayrılacaq: “Yaxın beş il ərzində ölkənin neft-qaz sektoruna hər il 50 mlrd. dollar investisiya qoyulacaq. Neft sahəsindəki layihələrin maliyyələşdirilməsində fondun payı 20%-i ötməyəcək”.

Nazir qeyd edib ki, İranın hasilat sənayesinə vəsait axını çətinləşdiyinə görə investisiya qoymaq zərurəti meydana çıxıb: “Bu investisiyalar onu göstərir ki, beynəlxalq sanksiyaları aşmaq və sahənin inkişafını davam etdirmək üçün ölkənin kifayət qədər maliyyə resursları var”.

Qeyd edək ki, Avropa Birliyi və ABŞ tərəfindən İrana qarşı tətbiq olunan sanksiyalar iyulun 1-dən qüvvəyə minib. Sanksiyalar İrandan neft alışını qadağan edir. İran hökuməti neft ixrac etmədən 3 il duruş gətirəcəyini bəyan edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR